UEFA "Finalissima"nın keçiriləcəyi məkanı açıqlanıb

Futbol
  • 22 mart, 2022
  • 17:11
UEFA Finalissimanın keçiriləcəyi məkanı açıqlanıb

Futbol üzrə İtaliya və Argentina milli komandaları arasındakı matçın keçiriləcəyi məkanın adı dəqiqləşib.

"Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma iyunun 1-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq.

Bakı vaxtı ilə saat 22:45-də başlanacaq görüş "Finalissima" adını alıb. Bir matçdan ibarət qarşılaşmada əsas vaxt heç-heçə ilə yekunlaşsa, birbaşa penaltilər seriyasına müraciət olunacaq. Hakimləri hər iki ölkənin futbol federasiyası təyin edəcək. Biletlər martın 24-dən satışa çıxarılacaq.

UEFA və CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) 30 iyun 2028-ci ilədək nəzərdə tutulan yenilənmiş və genişlənmiş memorandum imzalayıblar. Tərəflər tədbir zamanı İtaliya və Argentina yığmaları arasında matçın təşkilini razılaşdırıblar.

Qeyd edək ki, İtaliya AVRO-2020-nin, Argentina isə Amerika Kubokunun qalibi olub. Avropa və Cənubi Amerika çempionları tarixdə üçüncü dəfə üz-üzə gələcəklər. 1985-ci ildə Fransa Uruqvaya 2:0 hesabı ilə qalib gəlibsə, 1993-cü ildə Argentina Danimarkanı penaltilər seriyasında yenib.