Statistika haqqında düşünməməyə çalışıram, hər oyunda komandaya kömək etmək istəyirəm.
Bunu "Report"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Murad Xaçayev deyib.
Komandanın heyətində Misli Premyer Liqasının ilk iki dövrəsində əvəz edilmədən meydanda olan 26 yaşlı yarımmüdafiəçi fiziki durumunun qaydasında olduğunu bildirib:
"Mövsümün ilk hissəsində zədəsiz oynadığım üçün Allaha şükür edirəm. Statistika haqqında düşünməməyə çalışıram, hər oyunda komandaya kömək etmək istəyirəm. Fiziki olaraq heç bir problem yoxdur, hazırda tətildəyəm və vəziyyət əladır. Statistikanın arxasınca qaçmaq, onu davam etdirmək fikrim yoxdur. Bunlar, sadəcə, rəqəmlərdir, mənim üçün əsas olan komandanın yaxşı nəticələr əldə etməsidir. Ötən mövsüm 36 oyunun hər birində meydana çıxdım. Statistika heç nə ifadə etmir".
Qeyd edək ki, M.Xaçayev cari mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Misli Premyer Liqasında ardıcıl 64 oyunda 90 dəqiqə meydanda qalıb. Bu qarşılaşmaların 10-u 2022/2023 mövsümünə, 36-sı isə ötən mövsümə təsadüf edib.