Rəşad Sadıqov: "Azərbaycansayağı künc zərbəsi yeganə faydalı kompozisiyadır"

Rəşad Sadıqov: "Azərbaycansayağı künc zərbəsi yeganə faydalı kompozisiyadır" "Azərbaycansayağı künc zərbəsinin dünyada yaranma tarixini tam deyə bilmərəm. Buna ev tapşırığı deyərdim. Bildiyim qədər Vaqif Sadıqovun düşündüyü taktikadır".
Futbol
1 Fevral , 2021 16:15
Rəşad Sadıqov: Azərbaycansayağı künc zərbəsi yeganə faydalı kompozisiyadır
Rəşad Sadıqov

"Belə bir qol vəziyyətinin dünyada yaranma tarixini tam deyə bilmərəm. Bunu "ev tapşırığı" adlandırardım. Bildiyim qədərilə Vaqif Sadıqovun düşündüyü taktikadır".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycansayağı künc zərbəsindən qolların ən çox müəllifi olan Rəşad Sadıqov deyib.

Hazırda "Zirə" klubunun baş məşqçisi olan 39 yaşlı mütəxəssis bildirib ki, baş məşqçilər bəzi ev tapşırıqlarını düşünərək, standart vəziyyətlər üçün hansısa hazırlıq görürlər. Lakin onun fikrincə, bu taktikaların heç də hamısı effektiv olmur, qarşısı asanlıqla alınır: "Bu, yeganə kompozisiya idi ki, Azərbaycanın həm klublarına, həm də millisinə çox xeyri və faydası dəyib. Mən gənc yaşlarımdan eşidirdim ki, bu taktikanın adı "bir"dir. "Bir" deyən kimi hamı bilirdi ki, iki nəfər topu buraxacaq, üçüncüsü isə qapıya zərbə endirəcək. Son zərbəni mənim endirməyimə səbəb o idi ki, gənc yaşlarımdan ayaqiçi zərbələri xoşlayıram. Elə olurdu ki, məşqçilər etimad göstərirdi, biz də ən yaxşı formada yerinə yetirməyə çalışırdıq. Bəzən də bu ev tapşırığından sonra önəmli qollara imza ata bilmişik".

Gənc mütəxəssisin sözlərinə görə, xaricdə iştirak etdiyi məşqçi kurslarında bu taktika haqqında söhbət olmasa da, ümumi müzakirələrdə standart vəziyyətlərdən istifadədən danışılır: "Sırf bu künc zərbəsi barədə danışmamışıq. Lakin son illər qarşıma çıxıb ki, bəzi beynəlxalq çempionatlarda da belə qol vəziyyətindən istifadə edilib. Daim bundan yararlanmaq olmur, çünki 1-2 dəfə istifadə edəndə rəqiblər əks-cavab kimi hazırlaşır. Biz "Qarabağ"da və millidə bu taktikanı daim istifadə etmirdik. Elədiyimiz ölkəyə və kluba qarşı ikinci dəfə sınamırdıq. Bizi yaxşı tanımayan komandalara qarşı istifadə edirdik. Üstündən bir müddət keçirdi, saxlayırdıq və çox vacib məqamlarda yararlanırdıq. Hesabda irəli olanda etmirdik. Futbolçular, məşqçilər olaraq, onu düşünülmüş şəkildə hər zaman əlimizdə saxlayırdıq. Çətin məqamlarda çalışırdıq ki, istifadə edək. Bəzi hallarda çox xeyirimizə olub və qollar vurmuşuq".

Sadıqov Azərbaycansayağı künc zərbəsindən Premyer Liqada istifadə edilməməsinin səbəbini də açıqlayıb: "Hamı bu kombinasiyanı bilir. Artıq birinci oyunçu topu buraxanda ikinci futbolçu onu "oxuyur". Hər hansı komanda tamamilə yeni gəlmiş legionerlərdən ibarət olsaydı, etmək olardı. Bu gün bir çox yerli futbolçu bunu əzbərdən bilir, bəzi legionerlər isə şahidi olub. Ona görə də hazırda onu yerli çempionatda yerinə yetirmək mənasızdır, alınacağı da sual altındadır".

Qeyd edək ki, Rəşad Sadıqov "Neftçi"də ikən UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab matçında Avstriyanın "Rid" klubuna bu ev tapşırığı sayəsində qol vurub. 2007-ci ildə keçirilmiş görüşün ilk hissəsində künc zərbəsi zamanı iki futbolçu topa toxunmayıb və Sadıqov qüvvətli zərbə ilə qola imza ataraq avstriyalıları məyus edib.

2008-ci ildə UEFA İntertoto Kubokunda "Neftçi" Slovakiya təmsilçisi “Nitra" ilə qarşılaşıb. Bakıda keçirilmiş ilk oyunda "Neftçi" ev tapşırığını ustalıqla yerinə yetirib. Bu dəfə də son zərbəni Sadıqov vurub.

Azərbaycansayağı künc zərbəsindən ən yaddaqalan qolun müəllifi də Rəşad Sadıqovdur. Çünki bu qol sayəsində milli komanda DÇ-2012-in seçmə mərhələsində Türkiyə yığmasına qalib gəlməyi bacarıb - 1:0. 2010-cu ilin 12 oktyabrında Bakıda keçirilmiş görüşün 26-cı dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topu kapitana buraxıb. Sadıqov isə dəqiq zərbə ilə həm qapıçı Volkan Dəmirəli, həm də ümumilikdə bütün Türkiyəni şoka salıb.

"Zirə"nin hazırkı baş məşqçisi "Qarabağ"ın kapitanı olduğu vaxt da Avropa Liqasında Azərbaycansayağı künc zərbəsini qolla tamamlayıb. O, 25 avqust 2016-cı ildə Bakıda İsveçin “Göteborq” klubunun qapısına yol tapıb.

Son xəbərlər

Orphus sistemi