"Futbolçuların səhvini açıq şəkildə müzakirə etməyi xoşlamıram".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Fransa "Marsel"i ilə keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis 1:3 hesabı ilə uduzduqları ilk görüşdə səhvlərə yol vermiş qapıçı Luka Quqeşaşvilinin müdafiəsinə qalxıb: "Quqeşaşvilinin üstün cəhəti onun soyuqqanlı olmasıdır. Texniki səhvlərdən heç kim sığortalanmayıb. Avropada da bunları görürük. Biz nadir hallarda belə oyunlara çıxdığımız üçün bu cür səhvlər qlobal problemə çevrilir. Onunla söhbətimiz olub. Futbolçu, idmançı inkişaf etmək istəyirsə, bütün turnirlərdə iştirak etməlidir. Lukanın potensialı var. Elə qurtarışları olub ki, alqışalayiqdir. Bu cür səhvləri daha çox məşq etməklə aradan qaldırmaq olar. Özü də ən yaxşısını, qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə belə səhvlər aradan qaldırılacaq".
Baş məşqçinin fikrincə, gürcüstanlı qolkiperin avrokubok təcrübəsinə ehtiyacı var: "Onun üzərinə çox getmədim. İlk matçdan əvvəl də söhbətimiz olmuşdu. Hamımız uğurlu nəticə əldə etməyi çox istəyirik. Qapıçı səhv edəndə isə onun üzərində müzakirələr çox gedir. Bəzən rəqiblərin də belə səhvləri olub və biz yararlanmışıq. Bu qapıçıya inanır və güvənirəm. O da qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, səhvlər aradan qaldırılacaq. Bütün dünya futbolundan qapıçıların səhvi daha çox müzakirə edilir".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Marsel" matçı saat 21:45-də başlanacaq.