Bakı. 29 avqust. REPORT.AZ/ “Qəbələ” klubunun futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı dəqiqləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçular avqustun 31-də bir araya gələrək təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq.
Komanda üzvləri sentyabrın 7-dək Odessada hazırlıq keçəcək. Roman Qriqorçukun yetirmələri toplanış müddətində “Çernoye More” otelində məskunlaşacaq. Hazırlıq prosesi çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Sentyabrın 4-də baş tutacaq qarşılaşmadakı rəqibin adı hələ dəqiqləşməyib.
“Qəbələ” təlim-məşq toplanışını tam heyətlə keçirməyəcək. Milli komandaların düşərgəsində olan futbolçular – Sergey Zenyov Estoniya, Nika Kvekveskiri Gürcüstan, Teo Uiks Liberiya yığmasının düşərgəsində olduğu üçün hazırlıqlarda iştirak edə bilməyəcək. Azərbaycan millisinin heyətində olan Məhəmməd Mirzəbəyov, həmçinin U-21 yığmasının toplanışına qatılan Elvin Camalovla Sadiq Quliyev də Ukrayna səfərində iştirak etməyəcək.
Qeyd edək ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 10-da keçirəcək. “Qəbələ” Premyer Liqanın IV turunda səfərdə “Neftçi” ilə görüşəcək.