"Qarabağ"ın futbolçusu Kamilo Duran: "Sabah"la oyunlar həlledici olacaq"
- 15 mart, 2026
- 10:00
Azərbaycan Kubokunun yarımfinalında və Misli Premyer Liqasında "Sabah"la oyunlar "Qarabağ" komandası üçün həlledici olacaq.
Bu barədə Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran "Report"a açıqlama verib.
24 yaşlı hücumçu hər iki turnirdə qızıl medal hədəflədiklərini söyləyib:
"Məncə, "Sabah"la görüşlərin həlledici olacağını demək olar. Qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq ki, həmin 3 oyunda qələbə qazanaq. Ümid edirəm ki, Allahın köməyi ilə elə də olacaq".
Forvard ötən gün "Zirə"ni səfərdə məğlub etdikləri XXIV turun matçına toxunub:
"Çətin oyun olacağını gözləyirdik. Ümumiyyətlə, "Zirə" ilə görüşlər hər zaman ağır keçir. Onlar həmişə işimizi çətinləşdirirlər. Bununla belə, komanda şəklində meydanda yaxşı iş gördük və 3 xal qazandıq. Artıq qarşıdakı matçlara köklənməliyik".
O, növbəti turda "Kəpəz"ə qarşı keçirəcəkləri matç haqqında danışıb:
"Bəli, əvvəlki dövrədə onlara uduzmuşduq. Bu dəfə eyni səhvləri təkrarlaya bilmərik. Səfərə 3 xal üçün yollanacağıq. Fasilə öncəsi mütləq qalib gəlməliyik".
K.Duran Kolumbiya millisinə mümkün dəvətlə bağlı da danışlb:
"Düzdür, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Ona görə də bir qədər gözləmək lazımdır. Millinin heyəti rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar".