Fransanın PSJ klubu ispaniyalı baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini uzadıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 2027-ci ilədək nəzərdə tutulub.
L.Enrike 2023-cü ildən Paris klubuna başçılıq edir. Komanda onun rəhbərliyi altında bir dəfə Fransa çempionatı və kubokunu, iki dəfə Superkubokunu qazanıb. O, daha əvvəl İtaliyanın “Roma”, İspaniyanın “Selta” və “Barselona” klublarını çalışdırıb.
“Barselona” ilə iki dəfə çempion olub, üç dəfə İspaniya Kubokunu qazanıb, 2015-ci ildə komanda həmçinin Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında qalib gəlib. 2018-2022-ci illərdə, 2019-cu ildəki fasiləni nəzərə almasaq, İspaniya millisinə başçılıq edib.
Futbolçu karyerası dövründə L.Enrike “Barselona”, həmçinin İspaniyanın “Sportinq” və “Real” klublarında çıxış edib. “Real”la birlikdə çempionat, İspaniya Kuboku və Superkubokunu qazanıb, “Barselona” ilə iki dəfə çempionat və ölkə kubokunu, İspaniya Superkuboku, Kuboklar Kuboku və UEFA Superkubokunu qazanıb. İspaniya millisinin tərkibində 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarının qalibi olub.