İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu və Fransa PSJ-nin oyunçusu Lionel Messi Çempionlar Liqasında ardıcıl ikinci mövsüm mübarizəni 1/8 final mərhələsində dayandırıb.
"Report"un məlumatına görə, "qırmışı şeytanlar" iki görüşün nəticəsinə əsasən İspaniyanın "Atletiko" (Madrid) komandasına 1:2 (1:1, 0:1) hesabı ilə yenilib. Parislilər isə İspaniyanın digər təmsilçisi "Real Madrid"ə uduzub - 2:3 (1:0, 1:3).
Ötən mövsüm Messi İspaniya "Barselona"sının heyətində məhz PSJ-yə, Ronaldu isə İtaliya "Yuventus"u ilə birlikdə Portuqaliya "Portu"suna məğlub olub.
Daha əvvəl isə onlar sonuncu dəfə 2004/2005 mövsümündə 1/4 finala vəsiqə qazana bilməyiblər.
Bundan əlavə, Ronaldu 16 ildən sonra klub mövsümünü kuboksuz bitirə bilər. "Mançester Yunayted" bütün kubok yarışlarında mübarizəni dayandırıb. Komanda Premyer Liqada 29 matçdan sonra 50 xal toplayıb və lider "Mançester Siti"dən 20 xal geridədir.