“Türkiyə yad ölkə olmadığı üçün bura uyğunlaşmaqda problem yaşamadım”.
“Report”un məlumatına görə, bunu Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
26 yaşlı hücumçu yerli mətbuat nümayəndələri üçün təşkil edilən mətbuat konfransında “Konyaspor”da qalmaq istəyini gizlətməyib: “3-4 həftədir ki, Türkiyədəyəm. Düzdür, gələcəyimlə bağlı danışmaq üçün hələ çox tezdir. Ancaq buradakı istiqanlılığı hiss etdim, gözəl atmosfer içinə düşdüm. İnsanlarla dərhal qaynayıb-qarışa bildim. Əlbəttə ki, işin futbol tərəfi daha önəmlidir. Hər şey yaxşı olarsa, burada qalmaqla bağlı mövsümün sonunda daha rahat danışa bilərik”.
Emreli hansı mövqedə özünü daha rahat hiss etməsi ilə bağlı sualı da cavablandırıb: “Bəzən sağ cinahda, bəzən də hücumun mərkəzində rahat oluram. Əsas mövqeyim hücumdur. Amma baş məşqçinin məni necə gördüyü daha önəmlidir. “Giresunspor”la görüşdə sağ cinahda çıxış etmişdim. Bu, baş məşqçinin qərarıdır. Mənə hansı mövqedə şans versə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Əsas odur ki, özümdən çox, komandanın xeyrinə olsun”.
Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Mahir Emreli qış fasiləsində “Konyaspor”a 6 aylıq icarəyə verilib.