İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində “Liverpul” evdə “Mançester Yunayted”i qəbul edib.
“Report” xəbər verir ki, Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyun “Enfild”də baş tutub.
“Liverpul”un böyük üstünlüyü ilə keçən birinci hissədə çoxsaylı zərbələrə baxmayaraq, Yurgen Kloppun yetirmələri hesabı açmağa müvəffəq olmayıblar – 0:0. Matçın ikinci hissəsi də “qırmızılar”ın böyük üstünlüyü ilə keçib. Oyunda qeydə alınan 40 zərbənin 34-nü Mersisayd təmsilçisi vurub. Bununla belə, “qırmızı şeytanlar” əzəli rəqiblərindən 1 xal qopara biliblər: tərəflər heç-heçəyə razılaşıb.
Qeyd edək ki, 17-ci turun yekununda “Liverpul” xal itirərək 2-ci pilləyə geriləyib. “Qırmızılar”ın hesabında 38 xal var, onları liderdən cəmi 1 xal ayırır. “Mançester Yunayted” 7-ci pillədə qərarlaşıb. Mankunianların 28 xalı var. Çempionatın lideri 39 xalla “Arsenal”dır.