Bildiyimə görə, Juninyonun transferi ilə bağlı "Qarabağ"la "Sevilya" arasında razılıq əldə olunub.
Bunu "Report"a açıqlamasında futbol agenti Tural Əsgərli deyib.
28 yaşlı hücumçunun "Qarabağ"a keçidində vasitəçi olan menecer hazırda braziliyalı forvardın agenti ilə əməkdaşlıq müqavilələrinin olduğunu və bu səbəbdən prosesdə iştirak etdiyini bildirib:
"Futbolda transferlər bir neçə ay çəkə bilər. Bəzən danışıqlar 6 ay davam edir. Əslində, Juninyonun məsələsi uzanmır. Sadəcə, media mövzudan tez xəbərdar olub. Klublar, oyunçu və "Sevilya" arasında danışıqlar var. Bunlar vaxt alan prosesdir. Juninyoya tək "Sevilya" yox, digər klublar da maraq göstərir. Ehtimal edirəm ki, oyunçunun nümayəndələri digərləri ilə də təmasdadırlar. Hazırda danışıqların nə yerdə olduğunu konkret demək olmur. Bildiyimə görə, transferlə bağlı "Qarabağ"la "Sevilya" arasında razılıq əldə olunub. Amma Juninyo ilə İspaniya təmsilçisi arasında yekun razılığın olub-olmadığını bilmirəm. Güman edirəm ki, müqavilə ilə bağlı hansısa məsələləri müzakirə edirlər. Bunlar yekunlaşandan sonra keçid həll ediləcək".
Tural Əsgərli hücumçunun bu həftə İspaniyaya yollanmaq ehtimalına da toxunub:
"O, bu həftə Sevilyaya yollana bilər. Amma olmaya da bilər. Transfer məsələlərində imzalar atılmamış nəyinsə baş tutacağını demək olmur. İspaniyaya o halda gedəcək ki, tərəflər arasında tam razılıq əldə olunacaq. Mən də prosesin uzanacağına inanmıram. Yəqin ki, bu həftə həllini tapar. Amma konkret tarix deyə bilməyəcəyəm".
Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı forvard Azərbaycan çempionatının və kubokunun qalibi olub.