Azərbaycan Biznesinin İnkişafı Fondu səhmdar cəmiyyətinə çevrilib

Biznes
  • 10 dekabr, 2025
  • 17:47
Azərbaycan Biznesinin İnkişafı Fondu səhmdar cəmiyyətinə çevrilib

Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun yenidən təşkil edilməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Fond ASC-yə çevrilmə yolu ilə yenidən təşkil edilib, eləcə də onun Nizamnaməsi təsdiqlənib.

"Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC eyni adlı publik hüquqi şəxsin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Cəmiyyət iqtisadiyyatın qeyri-neft/qaz sektorunun inkişafını dəstəkləyən, sahibkarlığın maliyyə təminatını gücləndirən, investisiyaların təşviqi və sahibkarlığa dəstək mexanizmlərinin inkişafını təmin edən və vəsaitini müəyyən olunmuş qaydada yerləşdirməklə dövlətin iqtisadi inkişaf prioritetlərinə xidmət edən dövlətə məxsus kommersiya hüquqi şəxsidir.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr, onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Prezidentə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

- Cəmiyyətin icra orqanının yaradılması;

- Cəmiyyətin Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Nazirliyə:

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 %-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;

Müşahidə Şurasına:

- Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günə qədər eyni adlı publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək.

Nazirlər Kabineti fərmanı nəzərə almaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, ərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlik Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün 3 gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində Fondun balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı tədbirlər görməli, iqtisadiyyatın tələbləri nəzərə alınmaqla, ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası"nın 1.3.1-ci yarımbəndində göstərilən güzəştli şərtlərlə digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarını öyrənsin və nəticəsindən asılı olaraq təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti