Bundesliqa: “Borussiya” səfərdə “Bavariya” üzərində inamlı qələbə qazanıb
- 30 mart, 2024
- 20:11
Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində Dortmund “Borussiya”sı səfərdə “Bavariya”nı 2:0 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, qarşılaşma Münhendəki “Alyans-Arena”da baş tutub.
Qolları Karim Adeyemi (10-cu dəqiqə) və Yulian Rüerson (83) vurublar.
“Bavariya” 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Münhenlilər çempionatın bitməsinə 7 tur qalmış lider “Bayer 04”dən 13 xal geri qalır. “Bavariya” son 11 mövsümdə Almaniya çempionu olub. “Borussiya” 53 xalla 4-cü yerdədir.
“Borussiya” 2018/2019 mövsümündən sonra ilk dəfə “Bavariya”nı yenib. Bundan başqa, dortmundlular 2013-cü ilin noyabrından səfərdə qalib gəlmirdi.
Növbəti turda “Borussiya” evdə “Ştutqart”ı, “Bavariya” səfərdə “Haydenhaym”ı sınağa çəkəcək. Qarşılaşmalar aprelin 6-da baş tutacaq.