Əziyyətimiz yerdə qalmadı, çempion olduq.
Bunu “Report”a açıqlamasında Polşanın paytaxtı Varşavada təşkil edilən minifutbol üzrə Çempionlar Liqasının qalibi olan “Birbaşa Bakı” komandasının üzvü Təmkin Xəlilzadə deyib.
31 yaşlı futbolçu turnirdən əvvəl qarşıya ən azı finalda oynamaq məqsədi qoyduqlarını bildirib:
“Çox çalışmışdıq, əziyyət çəkmişdik. Bakıda durmadan məşqlər keçirdik. Qarşımıza ən azı finalda oynamaq məqsədi qoymuşduq. Çünki komanda daha əvvəl bu turnirin 1/4 finalında dayanmışdı. İstədiyimiz nəticəni əldə edə bildik. Çox çətin yol oldu. Zarafat deyil, hər gün iki oyun keçirirdik. Ümumilikdə 4 günə 7 oyun keçirdik. Uşaqlar zədələrə, ağrılara, yorğunluğa baxmayaraq, xarakter göstərib hədəfin öhdəsindən gəldilər. Düzdür, Azərbaycanda 3 ildir ardıcıl çempion olurduq. Avropada da sözümüzü deməyin vaxtı idi. Bunu da bacardıq. Vətənimizi layiqincə təmsil etdiyimizə, kubokla qayıtdığımıza görə çox sevinciliyik”.
T.Xəlilzadə çempionluğa layiq olduqlarını düşünür:
“Ən ağır oyunumuz Rumıniya komandasına qarşı oldu. Onlarla matçda çox əziyyət çəkdik, yaxşı komanda idi. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazanmağı bacardıq. Yarımfinalda Ukraynanın “Andezit” komandası bizə başağrı oldu. Hesabda geri düşsək də, özümüzdə güc tapıb brabərliyi təmin edə bildik. Finlada da kollektiv şəklində layiqli qələbə qazandıq. Çempionluğa layiq olduğumuzu düşünürəm”.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Çempionlar Liqasının final matçında Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.