"Qarabağ" və "Budyo Qlimt" arasında UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunu Azərbaycan və Norveç təmsilçilərinin avrokuboklarda 8-ci matçı olacaq.
"Report"un məlumatına görə, iki ölkə klubları indiyədək təsnifat və qrup mərhələsində rəqib olublar.
Birinci belə qarşılaşma 2009-cu ilə təsadüf edib. Hazırda mübarizə apardığı turnirin II təsnifat mərhələsinin ilk matçında səfərdə “Rusenborq”la qolsuz heç-heçə edən "Qarabağ" Bakıda rəqibini minimal hesabla üstələyib - 1:0.
Daha sonra "İnter" (hazırkı "Şamaxı") "Tromse" ilə üz-üzə gəlib. Komandalar 2013/2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində görüşüblər. Səfərdə rəqibinə iki cavabsız qollla uduzan təmsilçimiz Bakıda qələbə (1:0) qazansa da, avrokuboklarla vidalaşıb.
"Qarabağ" 12 ildən sonra yenidən Norveç klubu ilə qarşılaşıb. "Köhlən atlar" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Molde"yə 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında yenilib - 5:6. Cütün taleyi koronavirus pandemiyası səbəbindən bir oyunda müəyyənləşib və qarşılaşma UEFA-nın qərarına əsasən Kiprdə təşkil olunub.
Azərbaycan çempionu ötən mövsüm Avropa Liqasının qrup mərhələsində də "Molde" ilə görüşüb. Bakıda qalib gələn (1:0) Ağdam təmsilçisi səfərdəki oyunda heç-heçəyə razılaşıb - 2:2.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.