Rövşən Hüseynli: "Həmin günü yada salmaq istəmirəm"

Rövşən Hüseynli: "Həmin günü yada salmaq istəmirəm" "Səhhətimdə hər hansı problem hiss etməmişəm".
Futbol
273
27 Yanvar , 2022 15:28
Rövşən Hüseynli: Həmin günü yada salmaq istəmirəm
Rövşən Hüseynli

"Səhhətimdə hər hansı problem hiss etməmişəm".

Bunu "Report"a açıqlamasında Avropa çempionatının ilk oyunlarından öncə koronavirusa yoluxmuş futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.

31 yaşlı qolkiper xəstəliyi simptomsuz keçirdiyini, sadəcə, test nəticəsinin müsbət çıxdığını bildirib: "Əvvəlcə inanmadım. 3 dəfə test verdim, həkimimiz yoxladı. Heç kim mənim yoluxacağıma inanmırdı. Çünki hər zaman maska və spirtdən istifadə edirdim. PCR testinin cavabını bir gün gözlədik. Həmin günü yada salmaq istəmirəm".

Hüseynli iki oyunu buraxdığı üçün çox məyus olduğunu söyləyib: "Həqiqətən çox ciddi hazırlaşmışdım. Digər qapıçımız Emin Kürdovla birlikdə əziyyət çəkmişdik. Hər gün aylarla məşq edirdik. Rəqiblərin oyununu, futzalçıların hansı ayaq olduqlarını və hər xırda detala kimi analiz edirdik. Çempionatın ən yaxşı qapıçısı olmaq istəyirdik. Emin ilk iki oyunda bunu bacara biləcəyimizi sübut etdi. Sadəcə, testin nəticəsi mənim planlarımın üstündən xətt çəkdi".

Qapıçı ilk turda Gürcüstana 2:3 hesabı ilə uduzmalarını müxtəlif səbəblərlə əlaqələndirib: "İlk matç hər zaman çətin olur. Psixoloji gərginlik meydanda itməlidir. 2:0 öndə olduğumuz vaxt rəqib ikiqat gərginlik içində idi. Biz bundan istifadə edə bilmədik. Sanki sonra nə isə dəyişdi və təcrübəmizdən yararlana bilmədik. Təzyiqi və tempi sonadək saxlamalı idik. Bunu İspaniya ilə 2:2 hesablı heç-heçə etdiyimiz qarşılaşmada gördük. Meydana istəkli, döyüşkən və qorxmaz komanda çıxmışdı. İspaniya kimi titullu komanda ilə görüşdə iki dəfə önə keçdik. Hətta qələbə üçün sonra 2-3 qol epizodu da oldu. Bu oyun komandamızın gücünü göstərdi".

Oyunçu Bosniya və Herseqovina ilə görüşdə meydana çıxa biləcəyini sözlərinə əlavə edib: "Bu gecə karantin müddəti başa çatır. Gecə Qallo ilə birlikdə Amsterdama yola düşəcəyik. Matçda iştirak etməyim üçün ilk növbədə UEFA-nın antigen testinin cavabı neqativ olmalıdır. Otaqda qaldığım müddətdə məşqlərimizi davam etdirmişəm. Qrupdan çıxmaq üçün şanslarımızı qorumağımız mənə əlavə motivasiya verir. Çempionatda yolumuza davam etmək istəyirik. Yoxsa bu hadisələr uzun müddət yaddaşımdan çıxmayacaq".

Qeyd edək ki, hazırda qrupda 1 xalla üçüncü olan Azərbaycan seçməsi sonuncu matçını yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.

Son xəbərlər

Orphus sistemi