Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda Monteneqro üzərində 1:0 hesablı səfər qələbəsi qazanıb.
Podqoritsada təşkil olunan qarşılaşmada yeganə qola 84-cü dəqiqədə Nazlıcan Parlak imza atıb.
“Report”a müsahibəsində təəssüratlarını bölüşən 30 yaşlı yarımmüdafiəçi hədəfləri barədə də fikir bildirib.
- Monteneqro üzərində səfərdə 1:0 hesablı qələbə qazandınız. Matçı necə dəyərləndirərdiniz?
- Qrupda ilk qələbəmizi qazandığımız üçün çox xoşbəxtik. Yaxşı mübariz apardıq və hesabımıza 3 xal yazdırmağı bacardıq. Getdikcə daha yaxşı futbol oynayırıq. Ümid edirəm ki, bundan sonrakı görüşlərdə də qələbələrlə yolumuza davam edərik.
- Qalibiyyət topunun müəllifi olduğunuz üçün bunu ikiqat sevinc saymaq olar?
- Mənim üçün önəmli olan 3 xal qazanmaq idi. Əlbəttə ki, həm bunun, həm də qalibiyyəti gətirən qola imza ataraq, komandama xeyir verdiyim üçün ikiqat sevincliyəm.
- İlk iki turda 4 xal əldə etmisiniz. Qrupdan çıxmaq şansınızı necə görürsünüz?
- Kiprlə 1:1 hesablı heç-heçə etdiyimiz qarşılaşmada xal itkisinə yol verdik. Ancaq bir-birimizə inamımızı heç vaxt itirmədik. Podqoritsada da baxımlı oyun və qalibiyyətlə bunu azarkeşlərimizə göstərdik. Qrupdakı bütün oyunlarda qələbə qazanacaq potensiala malikdik. Hədəfimiz qrupu birinci pillədə başa vurmaqdır.
- Millətlər Liqasındakı uğurlu çıxışınızı nə ilə əlaqələndirərdiniz? Azərbaycanda qadın futbolunun inkişafda olduğunu demək olar?
- Biz illərdir bir yerdə çalışan kollektivik. Hər şey kənardan göründüyü kimi asan deyil. Çox çətin oyunlarımız və məğlubiyyətlərimiz oldu. Ancaq üzərimizdə çalışmağa davam etdik. AFFA həmişə bizə dəstək oldu. Baş məşqçi Siyasət Əsgərov və köməkçiləri bizə çox şey qazandırdılar. Ən vacibi, komandaya inandılar. Sizə inanan və dəstək göstərən varsa, onlar üçün sonuna qədər vuruşarsınız. İnsan zəhmətinin qarşılığını mütləq alır. Biz uğurlu çıxış etdikcə gənclərə örnək olacağıq. Bəlkə valideynlər qızlarının bizim kimi olmasını istəyəcəklər. Valideynlərin qızlarını dəstəkləmələri futbolun inkişafı üçün çox önəmlidir.
- Azərbaycanda “Fənərbağça” və “Qalatasaray” azarkeşləri kifayət qədərdir. Siz isə hər iki klubda oynamısınız. Onları necə fərqləndirə bilərsiniz?
- “Qalatasaray” və “Fənərbağça” Türkiyənin ən böyük klublarıdır. İki klubda da çıxış etmək mənim üçün fəxrdir. Ancaq “Qalatasaray” formasının mənası fərqlidir. Çünki biz ailəlikcə “Qalatasaray”lıyıq. Atamın arzusu bu klubun formasını geyinmək olub. Bunu mənim gerçəkləşdirməyim ailəmi qürurlandırdı.
- “Qalatasaray” sevgisi sizdə ilk nə vaxt yarandı?
- Uşaqlıqdan bu klubun azarkeşiyəm. 1999/2000 mövsümündə UEFA Kuboku zəfərini küçələrdə qeyd edirdim. Həmin vaxt cəmi 6-7 yaşım var idi. Futbolu da elə həmin illərdə sevməyə başladım.