Ağasəlim Mircavadov: "Favorit "Qarabağ"dır, "Zirə" sürpriz edə bilər"

Ağasəlim Mircavadov: "Favorit "Qarabağ"dır, "Zirə" sürpriz edə bilər" "Düzdür, favorit "Qarabağ" sayılır. Amma kubok matçına proqnoz vermək çətindir".
Futbol
27 May , 2022 17:40
Ağasəlim Mircavadov: Favorit Qarabağdır, Zirə sürpriz edə bilər
Ağasəlim Mircavadov

"Düzdür, favorit "Qarabağ" sayılır. Amma kubok matçına proqnoz vermək çətindir".

Bunu "Report"a açıqlamasında AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.

75 yaşlı mütəxəssis bildirib ki, kubok görüşləri digər qarşılaşmalardan fərqlənir: "Kimin qalib gələcəyini deyə bilmərəm. Lakin istənilən halda, gərgin oyun olacaq. Futbolda bir çempionluq, bir də kubok tarix sayılır. "Qarabağ" oyun baxımından üstündür. Amma dediyim kimi, kubok görüşlərində bu, göstərici deyil. Hər şey matça fiziki və psixoloji hazırlıqdan asılıdır".

Mircavadov "Zirə"nin intizamlı komanda olduğunu söyləyib: "Bu komanda öz oyununu göstərməyə və top buraxmamağa çalışır, sonadək mübarizə aparır. Bu, futbolda olduqca lazımlı amildir. Onların da qələbə şansı var. Uzağa getməyək, İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının final matçını yada salaq. "Canavarlar" həmin matçda oyun baxımından uduzsa da, nəticə sarıdan qalib gəldilər. Yəni, finalın favoriti olmur".

"Şöhrət" ordenli mütəxəssisin sözlərinə görə, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın oyun üslubunu yaxşı bilir: "Çünki özü də bu komandada çıxış edib. Bu mənada, sürpriz edə bilər. Çempionat oyunlarında səhvlərin olması normaldır. Kubok matçlarında isə çox intizamlı oynamaq lazımdır. Sürətli oyun komandaların qol vurmalarından asılıdır. Erkən qol olsa, sürət artacaq".

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək "Qarabağ" - "Zirə" oyunu saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi