Rüstəm Orucov: "Olimpiadaya iki həftə öncədən getməyimiz ciddi səhv idi"

Rüstəm Orucov: "Olimpiadaya iki həftə öncədən getməyimiz ciddi səhv idi" "Son illərin ən böyük problemi peşəkar karyeram və ailə həyatım arasında balansı tapmaq oldu"
Fərdi
5 Noyabr , 2021 14:22
 Rüstəm Orucov: Olimpiadaya iki həftə öncədən getməyimiz ciddi səhv idi
Rüstəm Orucov

"Tokio olimpiadasından öncə Xorvatiyadakı təlim-məşq toplanışında iştirak etdim və əla formada idim. Bəzi idmançıların dediyi kimi, xalçada hamını "məhv ediridm". Bəlkə də ilk səhvim Oyunlaradək imkanlarımın yüz faizinə çatmağım idi. Sonra daha bir səhv oldu. Özü də bu, daha ciddi idi".

"Report"un məlumatına görə, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuzluğu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına açıqlamasında deyib.

73 kq-da çıxış edən 30 yaşlı idmançı Yaponiyaya çox erkən yollandıqlarını bildirib: "Yarışın startına 2 həftə qalmış oraya çatdıq. Oyunlar başlamadan gərginliyə düşdüm. Günlərlə medal haqqında düşünürdüm. Bu isə nə mənim, nə də komandanın digər üzvləri üçün uğurlu oldu. Nəyisə səhv edəndə məsuliyyəti öz üzərimə götürməyə hazıram. Lakin Yaponiyada bütün komanda uğursuz çıxış etdi".

Rio-2016 olimpiadasının gümüş mükafatçısı Tokiodakı yarışın ardından özünə 1 ay vaxt verdiyini söyləyib: "Olimpiadadan dərhal sonra qərara gəldim ki, Yaponiyada baş verənləri bir kənara qoyaraq, cüdo haqqında düşünmədən, təkcə bədənimə deyil, beynimə dincəlmək üçün 30 gün vaxt ayırım. Bir ay ərzində karyeramla bağlı yekun qərara gəldim. Son illərin ən böyük problemi peşəkar karyeram və ailə həyatım arasında balansı tapmaq oldu. Mən sevdiklərimi tez-tez görə bilmirəm. Onlar da məni istədikləri qədər görmürlər. Ona görə də həyat yoldaşım və uşaqlarımın reaksiyası məni təəccübləndirdi. Mənə dedilər ki, dünya çempionluğu və ya olimpiya titulunu qazananadək təqaüdə çıxa bilməzsən (gülür). Həmin vaxt anladım ki, cüdosuz yaşaya bilmərəm".

Orucov artıq əvvəlkitək güclü olmadığını etiraf etsə də, indi daha texnikalı güləşdiyini vurğulayıb: "Artıq taktikaya daha çox üstünlük verirəm. Gücüm az olsa da, çox səhv etmirəm".

O, Bakıda keçirilən Böyük Dəbilqədəki hədəflərini də açıqlayıb: "Bura mənim evimdir. Hər zaman qalib gəlmək arzusundayam. Amma ilk növbədə, o qədər yarışsız aylardan sonra özümü necə hiss etdiyimi bilmək istəyirəm".

Təcrübəli cüdoçu əsas rəqibi olan yaponiyalı olimpiya çempionu Şohei Ononu öz çəkisində ən yaxşı adlandırıb: "Onu gələn il keçiriləcək dünya çempionatının finalında məğlub etmək istərdim. Amma məndən güclü olduğu üçün başqası ilə qarşılaşmağa üstünlük verərdim (gülür). Bunu edə bilsəm, özümü başqa bir şeydə sınaya bilərəm Amma bu, yenə də cüdo ilə əlaqəli bir şey olacaq. Bəlkə məşqçi və ya başqa bir şey, amma həmişə cüdoda qalacağam. Çünki bu mənim üçün hər şeydir".

Son xəbərlər

Orphus sistemi