“Dünya çempionu olsam da, olmasam da, Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan yunan-Roma güləçisi Eldəniz Əzizli Bakıda keçiriləcək Dünya Kubokundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli idmançı bildirib ki, Azərbaycan güləş yığma komandaları hər zaman dünyanın ən güclülərindən olublar: “Sabah çalışacam ki, 25 illik təcrübəmdən istifadə edərək yaxşı çıxış edim, hansısa səhvə yol verməyim”.
55 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan onun üçün ən çətin rəqibin kim olduğunu da açıqlayıb: “Nuqzari Tsurtsumianı öz çəkimdə çox güclü rəqib hesab edirəm. Gürcü idmançı ilə dəfələrlə qarşılaşmışıq. Hər dəfə mən qalib gəlmişəm, amma yenə də düşünürəm ki, onunla mübarizə maraqlı olacaq”.
Eldəniz Əzizli komandanın liderlərindən biri olmasının onun üçün əlavə təzyiq yaradıb-yaratması ilə bağlı da danışıb: “İlk dəfə dünya kubokunda iştirak edəndə biz gənc idmançılar idik. İndi isə komandanın həm nəticə, həm də yaş baxımından liderləri bizik. Yarışın ilin sonunda olması da əlavə ağırlıq yaradır. Amma nə qədər çətin olsa da, Bakıda qalib gəlmək vacibdir. Bu, həm Rafiq, həm də mənim üçün Bakıda sonuncu böyük yarış ola bilər. Bəlkə də gənclərin belə bir şansı yenə olacaq, amma biz bir də bu şansı əldə edə bilməyəcəyik”.