Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının ildönümünə həsr olunan festival keçirilib

Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının ildönümünə həsr olunan festival keçirilib İyunun 5-də “Park Bulvar”da müasir Olimpiya Hərəkatının yaranmasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 130-cu ildönümünə həsr olunmuş “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçirilib.
Fərdi
5 İyun , 2024 19:10
Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının ildönümünə həsr olunan festival keçirilib

İyunun 5-də “Park Bulvar”da müasir Olimpiya Hərəkatının yaranmasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 130-cu ildönümünə həsr olunan “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçirilib.

"Report" Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinə istinadən xəbər verir ki, MOK-un Atletlər Komissiyası ilə birlikdə təşkil edilən tədbirdə əvvəlcə komissiyanın üzvləri - Rüstəm Orucov (Rio-2016 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının ikiqat gümüş medalçısı), Fəridə Əzizova (V İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarının qalibi, dünya çempionatının ikiqat bürünc mükafatçısı), Zöhrə Ağamirova (bədii gimnastika üzrə Avropa çempionatının bürünc mükafatçısı, V Islam Həmrəyliyi Oyunlarının dördqat qızıl medalçısı), Fatimə Alkərəmova (Rio-2016 Yay Olimpia Oyunlarının üzgüçülük üzrə ən gənc iştirakçısı, bir çox beynəlxalq yarışların qalibi və rekordçusu, Azərbaycan çempionu) iştirakçılara təqdim edilib.

Sonra Fəridə Əzizova çıxış edərək, komissiyanın fəaliyyəti barədə məlumat verib. O, Atletlər Komissiyasının əsas məqsəd və vəzifələri barədə danışaraq, bu qurumun Avropa Atletlər Komissiyası və BOK arasında əlaqələndirici rol oynadığını bildirib.

Fəridə Əzizova 2021-ci ilin noyabrında "Qəhrəman varisləri" adlı layihənin təşkil olunmasından bəhs edib. O, bu layihə çərçivəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin və qazilərimizin övladlarının idmana cəlb olunduğunu deyib.

Sonra çıxış edən Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov Azərbaycanın müstəqil dövlət olaraq Olimpiya Hərəkatına 1992-ci ildən qoşulduğunu, həmçinin 1996-cı ildən etibarən hər il ölkəmizdə "Beynəlxalq Olimpiya Günü"nün qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatının sürətli inkişaf mərhələsinin başladığını deyən Olimpiya mükafatçısı bu illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında ümumilikdə 8 qızıl, 15 gümüş və 29 bürünc medal qazandığını vurğulayıb.

Daha sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar monitor vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub.

Proqrama uyğun olaraq gimnastika, cüdo, güləş, taekvondo üzrə nümayişlərdən sonra əyləncəli yarışlara start verilib. Festivalda iştirak edən məktəblilər iplətullanma, pazl yığılması, kəndirlə mübarizə yarışlarında maraqlı və əyləncəli viktorinada iştirak ediblər.

Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyənləşib.

İplətullanma yarışında 49, 60 və 56 saylı məktəblərin komandası qaliblər sırasında yer alıblar.

7, 56 və 49 saylı və Elitar Gimnaziyanın komandaları pazl yarışlarında fərqlənib.

Kəndirlə mübarizədə 18, 49, 190 saylı məktəblərin və Elitar Gimnaziyanın şagirdləri fəxri kürsüdə yer alıblar.

56 saylı məktəb ve Elitar Gimnaziyanın təmsilciləri isə viktorinanın qalibi olublar.

Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahətdinova, həmçinin Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov çıxış ediblər.

Çıxış zamanı qeyd olunub ki, bu cür layihələr yeniyetmə və gənclərin pis vərdişlərdən uzaq olmasında, onların idman vasitəsi ilə sağlam həyat tərzi keçirməsində əhəmiyyətli rol oynayır.

“Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalının iştirakçılarına gələcəkdə uğurlar arzulayan Olimpiya çempionları bu tədbirin onların yaddaşında daim qalacağına inandığını bildirib.

Sonra yarışların qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İlk üç yeri tutan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qaliblərə mükafatları Zemfira Meftahətdinova, Olimpiya çempionları və Atletlər Komissiyasının üzvləri təqdim ediblər.

Festivalın sonunda xatirə şəkili çəkdirilib.

Məlumat üçün bildirək ki, tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi