Bakı. 5 fevral. REPORT.AZ/ Bakı 2019-cu ilin 50 ən yaxşı idman şəhəri siyahısında daha iki pillə irəliləyib.
"Report"un məlumatına görə, reytinq siyahısını "Burson Cohn & Wolfe" (BCW) qlobal kommunikasiya firması tərtib edib. Cədvələ əsasən, Azərbaycan paytaxtı 38-ci pillədə yer alıb. Bakı 2017-ci ildə 41-ci, 2018-ci ildə isə 40-cı pillədə olub.
Siyahıda Böyük Britaniyanın paytaxtı London yenə liderliyini qoruyub. 2028-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi ABŞ-ın Los-Anceles şəhəri 2-ci, 2024-cü il olimpiadasının təşkilatçısı Paris (Fransa) 3-cü pillədə qalıb. 2020-ci il olimpiadasına ev sahibliyi edəcək Tokio (Yaponiya) isə ötən illə müqayisədə 1 pillə irəliləyərək, 4-cü mövqedə qərarlaşıb.
Qeyd edək ki, reytinq siyahısı beynəlxalq federasiya və idman mətbuatının fikir-analizləri əsasında tərtib olunub. Bu zaman hər bir şəhərdə "idman" sözünün sosial şəbəkə, bloq və veb-saytlarda nə qədər hallanmasına diqqət yetirilib. Əvvəlki illərdə isə nəticələr seçilmiş ekspertlər qrupu və geniş ictimaiyyət arasındakı sorğuya əsaslanıb.