Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN), Atıcılıq Federasiyası ilə birgə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirib.
"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yekun nəticələrə əsasən, qadınlar arasında keçirilən yarışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı İlahə Hacıyeva birinci olub.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Qumru Məmmədova yarışı ikinci, Maliyyə Nazirliyinin əməkdaşı Aysel Qasımova isə üçüncü pillədə başa vurub.
Kişilər arasında keçirilən yarışda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rəşad Eyyubov ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. SOCAR-ın əməkdaşı Elşən Lalayev ikinci, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Tural Həsənli isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzində keçirilən turnirdə 20 dövlət qurumundan 57 əməkdaş (19 qadın və 38 kişi) iştirak edib.