Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib - Yenilənib
- 26 oktyabr, 2026
- 18:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
"Report" xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Belə ki, Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş və barələrində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə bağlı daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
"Report"un xəbərinə görə, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə göndərilib. Hazırda hər iki şəxs məhkəməyə gətirilib.
Yaxın saatlarda onlarla bağlı təqdimata baxılacaq.
Qeyd edək ki, bu hadisə ilə bağlı 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Onu da qeyd edək ki, həbs edilənlərdən Əhməd Əlizadə Milli Məclisinin deputatı Arzuxan Əlizadənin oğludur.