Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Emil Əliyev "Report"un suallarını cavablandırıb.
Mütəxəssis 109 kq çəki dərəcəsində çıxış edən Dadaş Dadaşbəylinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında üç bürünc medal qazanması və qarşıdakı hədəfləri barədə danışıb.
- İlk olaraq mundial barədə fikirlərinizi öyrənmək istərdik. Turnirlə bağlı təəssüratlarınız necədir?
- Dadaş Dadaşbəylidən həmişə nəticə gözləmişik. İdmançı yarışa gedirsə, onun ilk fikri medal qazanmaq olmalıdır. Biz də bu turnirə həvəs və istəklə getmişdik. Bu sevinc bizə də nəsib oldu.
- Dadaş Dadaşbəylinin rəqibləri kifayət qədər güclü idi?
- O, A qrupunda çıxış edirdi. Həmin çəkidə İrandan, İraqdan və Gürcüstandan güclü rəqiblər var idi.
- Onun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq ehtimalı nə qədərdir?
- Hələlik bu barədə danışmaq tezdir. Qarşıda lisenziya xarakterli daha üç yarış olacaq. Həmin turnirlərdə də yaxşı nəticə göstərsək, olimpiada haqqında danışmaq olar.
- Qazanmamaq şansı var?
- Bu idmandır. 100 faizlik nəsə demək mümkün deyil. Hazırlığımız yaxşı getsə, zədədən uzaq olsaq, lisenziya qazanmaq ehtimalı var.
- Dadaş Dadaşbəylidən başqa kimlərisə Paris-2024-də görə biləcəyik? Fransada neçə ağırlıqqaldıranla təmsil oluna bilərik?
- Hazırda ağırlıqqaldırmaya olimpiada üçün beş çəki dərəcəsində 60 yer ayrılıb. Bu isə çox azdır. Bu siyahıya düşməyə çalışırıq. Hər çəkidə 12 idmançı olacaq. Olimpiadaya düşmək də böyük uğurdur. Qarşıdakı üç yarışdakı çıxışımızdan çox şey asılıdır. Çalışacağıq ki, heç olmasa, 60 yerdən ikisini tutaq. Sonuncu dünya çempionatında 107 ölkədən 800-dən çox ağırlıqqaldıran mübarizə aparırdı. Bunların arasında "60-lıq"da yer almaq böyük uğurdur.
- Qarşıdakı yarışlar hansılardır?
- İlin sonunda Qətərdə Qran-pridə çıxış edəcəyik. Sonra fevralda Avropa çempionatı, ardınca Dünya Kuboku planlaşdırılır. Hər üç turnirdə iştirakımız nəzərdə tutulub.
- 2022-ci ilin mayında baş məşqçi təyin olunmusunuz. Həmin vaxtdan sonra yığmada nələri dəyişə bilmisiniz? Hansı çatışmazlıqlar var?
- Çox şey dəyişib. Hər yaş qrupunda Avropa və dünya çempionatlarında medallar əldə etmişik. Meksikada keçiriləcək gənclərin dünya çempionatında da yaxşı çıxış edə bilsək, öz işimi qənaətbəxş saya bilərəm. Neçə illərdir Azərbaycan ağırlıqqaldıranları belə medallar gətirməyiblər.
- Sizcə, Azərbaycan ağırlıqqaldırmada əvvəlki nüfuzunu bərpa edə bilər?
- Bəli. Biz də bunun üçün çalışırıq. Hətta əvvəlkindən daha yüksək nəticələr əldə etməyi planlaşdırırıq. Bildiyiniz kimi, bölgələrdə də çoxlu klublar və zallar açılıb. 5-6 ildən sonra bunların bəhrəsini görəcəyik.
- Bu idman növündə atletlərin əksəriyyətinin adları dopinqlə yanaşı hallanır. Bizim idmançıların dopinqdən uzaq durmaları üçün hansı işləri görürsünüz?
- Biz təmiz idmanla məşğuluq. Dopinqdən və qadağan olunmuş maddələrdən istifadə etmirik və etməyəcəyik.
- Sizcə, bu idmançılardan, yoxsa baş məşqçidən asılıdır?
- İdmançıdan çox şey asılıdır. Məşqçilərin dediklərinə qulaq assalar, uğur qazanacaqlar. Bu, çətin bir şeydir. İnanmıram ki, hansısa mütəxəssis bunu məsləhət görsün. Gec də olsa, aşkarlanacaq.
- Ağırlıqqaldırmada dopinqin azalacağı vaxt olacaq?
- Ümid edirəm ki, olacaq. Çünki təmizlənmə gedir. Başqa ölkələrdən güclü idmançıların hələ də dopinqə düşdüyünü eşidirik. Biz də idmançılara deyirik ki, bu gün dünya çempionu dopinqə düşürsə, onun titulu heç kimə lazım olmayacaq. Medallar da əlindən alınacaq.