Sloveniyanın Podcetrtek şəhərində fudokan üzrə XXVII Avropa çempionatı, uşaqlar arasında Avropa Kuboku başa çatıb.
"Report" Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionat və kubokda iştirak edən federasiyanın ənənəvi karate üslubu fudokan üzrə komandası uğurlu nəticələr qazanıb.
Belə ki, uşaqlar arasında Mövlan Məmmədli qızıl, Mənsumə Məmmədli bürünc medala yiyələnib. Yeniyetmələr arasında Leyla Mahmudlu və Rəşidə Qafarlı üçüncü yeri tutublar. Gənclər arasında İsmayıl İbrahimli və Şəhriyar Behbudzadə bürünc medal əldə ediblər. Böyüklər arasında isə Vahid Həsənov və Kamran Heydərzadə çempion olublar.
Dünya Fudokan Feserasiyası tərəfindən Azərbaycan üzrə rəsmi nümayəndə Vüsal Abdullazadəyə fudokanın karatenin dünyada inkişafına verdiyi töhfələrə görə təşəkkür diplomu təqdim edilib.
Komanda yarışa Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Dünya Fudokan Federasiyasının (ənənəvi karate üslubu) Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsal Abdullazadə və nümayəndəliyin vitse-prezidenti Aqil Soltanovun rəhbərliyi altında yollanıb.