Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib

Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib Zairov diplomunu qaytarmalıdır
Fərdi
12 Yanvar , 2017 23:51
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanma ümidləri boşa çıxıb.

"Report"un məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi 94 kq çəki dərəcəsində çıxış etmiş idmançını cəzalandırıb.

Səbəb kimi 31 yaşlı atletin "London-2012"dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. 2009-cu il Avropa vitse-çempionunun "London-2012"də dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb. Zairov olimpiadada tutduğu 6-cı yerdən və buna görə aldığı diplomdan məhrum edilib. Halbuki özündən əvvəlki yerləri tutmuş 4 atlet də dopinq-testdən keçə bilmədiyi üçün o, ikinci pilləyədək yüksəlmiş və gümüş medal qazanma şansı əldə etmişdi.

Qeyd edək ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. Eyni zamanda Zairov 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. "London-2012"də də eyni halla üzləşməsi Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir. 

Son xəbərlər

Orphus sistemi