Noyabrın 8-də Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 62-ci iclası işinə başlayıb.
"Report" xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə təmsil edir.
İki gün davam edəcək iclasda müxtəlif milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələlər ətrafında müzakirə aparacaqlar.
Gündəliyin qəbulu ilə başlayan sessiyada iştirakçılar ötən - 61-ci iclasın hesabatını nəzərdən keçiriblər, CAHAMA-nın növbəti görüşlərinin planlaşdırılması da daxil olmaqla, inzibati məsələləri müzakirə ediblər.
Əsas diqqətin antidopinq siyasəti ilə bağlı məsələlərə yönəldiyi sessiyada Antidopinq Konvensiyasının məsləhətçi qruplarının nümayəndələri və digər ekspertlər WADA-nın prioritetlərinin müzakirəsində yaxından iştirak ediblər.
CAHAMA-nın növbəti görüşü antidopinq sahəsində səylərin inkişaf etdirilməsi və bu sahədə əlaqəli problemləri həll etmək üçün həlledici olacaq.