Transxəzər boru kəməri gələcəkdə hidrogeni nəql edə biləcək
- 11 dekabr, 2021
- 12:46
"Transxəzər boru kəmərinin tikintisi layihəsinə başlamamışdan əvvəl onun həm texniki, həm kommersiya cəhətdən mümkün, həm də ekoloji cəhətdən təhlükəsiz olmasını təmin etmək üçün bir çox texniki-iqtisadi əsaslandırma işləri aparılacaq".
“Report” xəbər verir ki, bunu yerli mətbuata ABŞ-ın Türkmənistandakı keçmiş səfiri Allan Mustard deyib.
Onun sözlərinə görə, 1999 və 2008-ci illərdə böyük Transxəzər boru kəmərləri üçün iki texniki-iqtisadi əsaslandırma dərc edilib ki, onlar da boru kəmərləri üçün ciddi texniki maneələrin olmadığını və ekoloji risklərin idarə oluna biləcəyini açıqlayır:
"Gözlənilən kommersiya məqsədəuyğunluğu ilə yanaşı, bu, ölkələr arasında əməkdaşlığı gücləndirməyə xidmət edəcək və bütün bu ölkələrin imzaladığı Paris Sazişinin məqsədlərinə doğru enerji keçidinə töhfə verəcək. Transxəzər boru kəmərinin uzunmüddətli perspektivinə gəldikdə, Avropanın 100 % bərpa olunan enerjidən istifadəyə nail olması ən azı 30 il və ya daha çox vaxt aparacaq. Bu keçid dövründə ən bariz və ətraf mühitə ən az ziyan vuran alternativ təbii qazdır. 30 ildən sonra bütün karbohidrogen bazarı, əlbəttə ki, kəskin şəkildə daralacaq. Ancaq, təbii qazdan hidrogen istehsal etmək üçün də istifadə edilə bilər. Bunu Karbon Tutma, İstifadə və Təcrübə (CCUS) ilə birləşdirmək Türkmənistanın böyük qaz ehtiyatlarından istifadəni daha uzun müddətdə cəlbedici edə bilər. Hazırda əhatə dairəsi və miqyasını sübut etmək üçün qlobal miqyasda bir sıra layihələr həyata keçirilir".
Onun sözlərinə görə, təklif olunan interkonnektorun uzunluğu cəmi 42 dəniz mili (təxminən 78 km) təşkil edir.
"Yüksək olan təbii qazın qiymətlərini nəzərə alsaq, kommersiya məqsədəuyğunluğu göz qabağındadır. Biz bir interkonnektorun dəyərini 500 - 800 milyon ABŞ dolları arasında qiymətləndiririk, ancaq texniki-iqtisadi əsaslandırmalar bizə daha dəqiq təxmin verəcək. Karbohidrogen sənayesində bu, nisbətən kiçik bir məbləğdir.
İnvestorlar sırasına regionda hazırda fəaliyyət göstərən və əlavə qaz tədarükündən faydalanacaq neft və qaz şirkətləri də layihəyə daxil ola bilər. Çoxtərəfli maliyyə qurumlarının da sərmayələri layihəni dəstəkləməsi üçün imkanları ola bilər”, - diplomat qeyd edib.
Xatırladaq ki, Transxəzər qaz kəməri — ideyası ilk dəfə 1997-ci ildə əvvəl Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanıb. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 milyard kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürüb.
1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanıb. Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi.
2011-ci ildə Türkmənistan hökuməti uzunluğu 1 000 kilometr və dəyəri iki milyard ABŞ dolları olan daxili "Şərq-Qərb" qaz kəmərinin tikintisinə başlayıb. Bu kəmər ölkənin şərq regionunun - Eloten və Xəzər sahillərindəki qonşu yataqların ehtiyatlarını vahid nəqliyyat şəbəkəsinə birləşdirmək, ordan dənizin dibi ilə 300 kilometrlik boru kəməri çəkərək Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmaq üçün çəkilir.
Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur.
Xəbər verildiyi kimi, Türkmənistan uzun illərdir Azərbaycan, Türkiyə, Gürcüstan və Aİ ilə ildə 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər ötürmə gücünə malik Transxəzər qaz kəmərinin tikintisi mümkünlüyünü müzakirə edir. Moskva və Tehran uzun müddət kəmərin tikintisinə qarşı olublar.
Lakin 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Sənədə əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bütün Xəzər ölkələrinin razılığı tələb olunmur, onun inşası məsələsi yalnız ərazisindən boru kəmərinin keçəcəyi dövlətlər (bu halda Azərbaycan və Türkmənistan) arasında razılaşdırılır.
Aİ Transxəzər qaz kəmərini perspektivli layihələr siyahısına daxil edib.