Azərbaycanda neft-qaz sahəsində su istifadəsinin səmərəliliyinin artırılması üçün təşəbbüslər hazırlanır

Energetika
  • 24 fevral, 2026
  • 11:13
Azərbaycanda neft-qaz sahəsində su istifadəsinin səmərəliliyinin artırılması üçün təşəbbüslər hazırlanır

Neft-qaz sənayesi istehsal proseslərinin fasiləsizliyi, texnoloji təhlükəsizlik və məhsul keyfiyyətinin təmin olunması baxımından su ehtiyatlarından əhəmiyyətli dərəcədə asılıdır və bu asılılıq xüsusilə hasilat və emal mərhələlərində daha qabarıq şəkildə özünü göstərir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühitin idarə olunmasının planlaşdırması şöbəsinin rəisi Mədinə Hacıyeva "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, sənayedə ümumi su götürülməsinin 80 %-i məhz hasilat və emal seqmentlərinin payına düşür:

"Xüsusilə, SOCAR təkcə neft və qazın kəşfiyyatı və hasilatı ilə deyil, həm də neft-kimya məhsullarının istehsalını əhatə edən geniş emal əməliyyatları ilə məşğuldur. Bu isə istehsal müəssisələrimiz üçün əhəmiyyətli həcmdə su resurslarının cəlb edilməsini zəruri edir".

M.Hacıyeva qeyd edib ki, SOCAR iki növ sudan istifadə edir:

"Bunlar dəniz suyu və şirin sudur. Hazırda dəniz suyunun duzsuzlaşdırılması yolu ilə şirin su istehsalı üçün kifayət qədər resurslarımız olmadığından, şirin su təminatında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) əhəmiyyətli dərəcədə asılıyıq. SOCAR ekoloji transformasiya kursuna sadiqdir. İki il əvvəl "Enerji transformasiya, ətraf mühitin mühafizəsi və dekarbonizasiya" adlı ixtisaslaşmış struktur yaratmışıq. Bu təşəbbüs təkcə dekarbonizasiya deyil, ümumilikdə ekoloji təsirin azaldılmasına yönəlib. Emissiyaların və karbon tullantılarının idarə edilməsindən sonra su məsələsi prioritetlərdən biridir".

Onun sözlərinə görə, yaxın illərdə şirin su istehlakının intensivliyinin azaldılması üçün strateji təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

"Artıq üç ildən artıqdır ki, davamlı inkişaf hesabatımız "Ernst & Young" tərəfindən yoxlanılır və təkmilləşdirilir. Hesabatın dəqiqliyini və beynəlxalq tələblərə uyğunluğunu təmin etmək üçün sıx əməkdaşlıq edirik".

SOCAR rəsmisi vurğulayıb ki, istifadə edilən hər damla su üzrə dəqiq uçot aparılır və hesabat verilir: "Bu ildən etibarən su sektoru üzrə əsas fəaliyyət göstəricilərini (ƏFG) tətbiq etməklə mühüm addım atırıq. Adətən şirkətlər ümumi şirin su götürülməsinin 90 %-ni təşkil edən obyektləri hesabat sisteminə daxil edir. Biz isə qərara almışıq ki, SOCAR-ın strukturunda ümumi su həcminin 1 %-dən çoxunu istifadə edən hər bir qurum ƏFG sisteminə daxil edilsin".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə isə bildirib ki, Abşeron yarımadasında formalaşan tullantı sularının daha səmərəli planlaşdırılması, təkrar istifadəsi və emalı məqsədilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti