SOCAR 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

Energetika
  • 12 fevral, 2026
  • 14:50
SOCAR 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ildə 66 min metr qazma işləri həyata keçirib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyard kubmetr qaz hasil olunub.

Şirkət üzrə təbii qaz hasilatı 2024-cü ilin göstəricisi ilə müqayisədə 1,4 % artıb. Ölkə üzrə qaz hasilatı il ərzində 2,1 % artaraq 51,5 milyard kubmetr təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton neft hasil olunub.

Hesabat dövründə SOCAR xarici bazarlara 16,1 milyon ton neft ixrac edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 25,2 milyard kubmetr, istehlakı isə 13,2 milyard kubmetr təşkil edib. Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1 % azalıb.

Ötən il SOCAR 6,2 milyon tondan çox neft, 3 milyard kubmetrdən çox qaz emal edib. Hesabat dövründə neft emalı 2024-cü illə müqayisədə 7,2 % artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti