Pərviz Şahbazov: "Bakı Kiyevlə enerji tərəfdaşlığını dərinləşdirməyi hədəfləyir"
- 05 noyabr, 2026
- 13:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Ukrayna ilə enerji əməkdaşlığının dərinləşdirilməsində maraqlıdır.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Ukraynanın Ujqorod şəhərində keçirilən Azərbaycan-Ukrayna Biznes Dəyirmi Masasında bildirib.
"Azərbaycandan olan şirkətlər, mövcud çətinliklərə və logistik mürəkkəbliklərə baxmayaraq, əməkdaşlığı genişləndirmək əzmi nümayiş etdirirlər. Hazırda burada o qədər də çox Azərbaycan şirkəti təmsil olunmur, lakin onların arasında ən əhəmiyyətli beynəlxalq oyunçular var. Bu, maraqların uzlaşdırılması, məsləhətləşmələrin və müzakirələrin aparılması, habelə konkret nəticələrin əldə olunması üçün gözəl imkanlar yaradır", - o qeyd edib.
Nazir əlavə edib ki, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq haqqında sənədlər, Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasındakı etimada əsaslanan dialoqla yanaşı, iki ölkə arasında iqtisadi münasibətlər üçün möhkəm siyasi zəmin yaradır:
"Bugünkü tədbir bu tərəfdaşlığı konkret layihələr vasitəsilə möhkəmləndirməyə yönəlib. Biz biznes nümayəndələrindən məhz bunu gözləyirik. İllik həcmi 500 milyon ABŞ dollarını ötən ikitərəfli ticarət dövriyyəsi, Azərbaycanda Ukrayna investisiyalı 290 şirkətin fəaliyyət göstərməsi, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "NEQSOL Holding"in Ukraynadakı fəaliyyəti işgüzar dairələrimiz arasındakı sıx əlaqələri əks etdirir".
Nazir Ukrayna ilə əməkdaşlıq üçün ən perspektivli sahələr sırasında bərpa olunan enerjini, enerji saxlanc sistemlərini, enerji səmərəliliyini və elektromobilliyi qeyd edib: "Kənd təsərrüfatı və sənaye şirkətlərinin iştirakı həmçinin ərzaq emalı, logistika, tikinti materiallarının, elektrotexniki avadanlıqların və sənaye komponentlərinin istehsalı sahəsində əməkdaşlıq üçün imkanlar yaradır".
Onun sözlərinə görə, tərəfdaşlığın daha bir mühüm istiqaməti Azərbaycanda birgə istehsal və investisiyalarla bağlıdır: "Qlobal tədarük zəncirləri yenidən qurulduqca, Prezident İlham Əliyevin rəhbərliyi altında enerji, nəqliyyat və rəqəmsal əlaqələrin genişləndirilməsi üzrə siyasətimiz, regionda sülh və əməkdaşlıq imkanları ilə birlikdə Azərbaycanın bir investisiya məkanı kimi cəlbediciliyini artırır. Ələt Azad İqtisadi Zonası, sənaye parkları və investisiya təşviqləri birgə istehsalın təşkili və məhsulların regional bazarlara ixracı üçün şərait yaradır", - P.Şahbazov əlavə edib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi həmçinin Ukraynanın sənaye parkları, dövlət-özəl tərəfdaşlığı, eləcə də bərpa və yenidənqurma layihələrinə dair təkliflərini alqışlayır: "Şirkətlərimiz bu layihələrə böyük maraq göstərir. Ümid edirəm ki, bugünkü müzakirələr yeni layihələrə və tərəfdaşlıq təşəbbüslərinə gətirib çıxaracaq".