OPEC+ iclası sabah keçiriləcək

OPEC+ iclası sabah keçiriləcək
Energetika
5 İyun , 2020 10:02
OPEC+ iclası sabah keçiriləcək

Neft hasilatının azaldılmasına dair saziş əldə edən ölkələrin iclası iyunun 6-da keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə alyansın nümayəndə heyətlərindəki mənbə məlumat verib.

“Görüş sabaha təyin edilib, demək olar, rəsmidir. Amma görüşə rəsmi dəvətnamələr hələ nümayəndə heyətlərinə göndərilməyib”, - o deyib.

OPEC+ apreldə neft hasilatını may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ildən 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmaqla bağlı razılıq əldə edib. İstinadlar nöqtəsi 2018-ci ilin oktyabr ayının hasilat səviyyəsi götürülüb. Rusiya və Səudiyyə Ərəbistanı üçün isə istinad nöqtəsi gündəlik 11 milyon barel təşkil edib ki, azalma digərləri ilə analogiya üzrə müvafiq olaraq 23%, 18% və 14% olacaq.

Daha əvvəl alyans bazarın vəziyyətinə əsasən, sazişin şərtlərinin dəyişdirilə biləcəyini qeyd edib. Belə ki, qeyri-rəsmi məlumatlara görə, indi ölkələr mövcud azalma səviyyəsinin (gündəlik 9,7 milyon barel) iyun ayından sonra da bir müddət qorunub saxlanılması məsələsini müzakirə edirlər. Amma belə qərarın verilməsində əsas məqam ənənəvi pozucular – İraq, Nigeriya və Qazaxıstan da daxil olmaqla, hamının öhdəliklərinə tam riayət etməsidir.