Niderland məhkəməsi COP29 fonunda “Shell”in istixana qazı tullantıları ilə bağlı qərar verəcək

Niderland məhkəməsi COP29 fonunda “Shell”in istixana qazı tullantıları ilə bağlı qərar verəcək Noyabrın 12-də Niderland məhkəməsi “Shell” ə qarşı 2021-ci ildə neft-qaz şirkətinin istixana qazı tullantılarını kəskin şəkildə azaltmasını tələb edən mühüm iqlim qərarının qüvvədə qalıb-qalmayacağına dair qərar verəcək.
Energetika
12 Noyabr , 2024 05:53
Niderland məhkəməsi COP29 fonunda “Shell”in istixana qazı tullantıları ilə bağlı qərar verəcək

Noyabrın 12-də Niderland məhkəməsi “Shell” ə qarşı 2021-ci ildə neft-qaz şirkətinin istixana qazı tullantılarını kəskin şəkildə azaltmasını tələb edən mühüm iqlim qərarının qüvvədə qalıb-qalmayacağına dair qərar verəcək.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Haaqa Dairə Məhkəməsinin qərarı “Shell”i 2030-cu ilə qədər mütləq karbon emissiyalarını, o cümlədən məhsullarının istifadəsi nəticəsində yaranan emissiyaları 2019-cu il səviyyələri ilə müqayisədə 45 % azaltmağa məcbur edir.

Haaqadakı Apellyasiya Məhkəməsi ya bütün qərarı qüvvədə saxlaya, ya da ləğv edə bilər, yaxud onu dəyişdirə bilər, məsələn, “Shell” müştərilərinin səbəb olduğu emissiyaları istisna etməklə.

Agentlik xatırladır ki, sözügedən qərar COP29 sammitinin keçirilməsi fonunda veriləcək.

Nəticədən asılı olmayaraq, noyabrın 12-də veriləcək qərarın işin sonu olmayacağı gözlənilir, çünki hər iki tərəf Niderland Ali Məhkəməsinə əlavə apellyasiya şikayəti verə bilər.

“Shell” bildirib ki, qərar iqlim dəyişikliyi ilə mübarizəyə heç bir fayda vermədən biznesini kiçiltməyə məcbur edəcək, çünki müştərilər sadəcə digər təchizatçılara keçəcəklər.

Bu ilin əvvəlində apellyasiya baxışında “Shell” bildirib ki, şirkətlərdən emissiyaların azaldılması tələbləri məhkəmələr tərəfindən deyil, yalnız dövlətlər tərəfindən edilə bilər.

2019-cu ildə Niderland vətəndaşları adından digər iqlim qrupları ilə birlikdə iddia qaldıran “Yerin dostları – Niderland” təşkilatı iqlim dəyişikliyinin insan hüquqları məsələsi olduğunu təsdiqləyən Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarından dəstək aldığını açıqlayıb.

İlkin qərarda hakimlər “Shell”in iqlim siyasətinin “konkret olmadığını və şərtlərlə dolu olduğunu” və şirkətin tullantıları azaltmaq öhdəliyini pozmaq riski olduğunu qeyd ediblər.

Buna görə də məhkəmə “Shell”ə karbon emissiyalarının mütləq səviyyələrini azaltmağı əmr edib, halbuki “Shell”in öz intensivliyə əsaslanan hədəfləri nəzəri cəhətdən şirkətin istehsalını artırmasına imkan verə bilərdi.

İddia qaldırılanda Britaniya şirkəti olan “Shell”in baş ofisi Haaqada yerləşirdi.

“Shell” açıqlayıb ki, indi öz istehsalı üçün məhkəmə qərarını yerinə yetirmək yolundadır və keçən il emissiyalar 2016-cı il səviyyəsindən 30 % aşağı olub. Şirkət son illərdə bərpa olunan enerji sahəsindəki əməliyyatlarını azaldıb, lakin 2023-2025-ci illər arasında aşağı karbonlu enerjiyə 10-15 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Bu ilin əvvəlində şirkət 2030-cu ilə qədər xalis karbon intensivliyini 2016-cı ilə nisbətən 15 %-dən 20 %-ə qədər azaltmaq üçün satdığı məhsullar üçün hədəf göstəriciləri zəiflədərkən 2035-ci ilədək karbon intensivliyini 45 % azaltmaq kimi əvvəlki hədəfindən imtina edib.

Haaqadakı apellyasiya məhkəməsi noyabrın 12-də Bakı vaxtı ilə 11:00-da qərarını oxumağa başlayacaq.

Xatırladaq ki, 2016-cı ildə “Shell”in Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi