Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olunub. Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayan TAP tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları şaxələndirməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi istehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına, dekarbonizasiyaya töhfə verməklə bərabər, qitənin Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir.
TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) "Report"a müsahibəsində TAP-ın fəaliyyəti, boru kəməri ilə hidrogen nəqli, ölkələr üzrə qaz ötürülməsi və bazar sınaqlarındakı mövcud vəziyyət barədə danışıb:
- TAP-ın fəaliyyətini və gələcək hədəflərini necə dəyərləndirirsiniz?
- TAP birbaşa Yunanıstan və İtaliyanın qaz bazarlarına və dolayısı ilə Bolqarıstan da daxil olmaqla daha geniş regiona birbaşa çıxışı təmin etməklə öz daşıyıcılarına etibarlı ötürmə xidmətləri təqdim edir.
Müştərilərimiz olan daşıyıcılar bazar sınaq prosedurları çərçivəsində qaz nəqli ilə bağlı uzunmüddətli müqavilələr imzalayıblar və ya TAP-ın tutumunu qısamüddətli əsaslarla sifariş edirlər. TAP müstəqil Transmissiya Xidmətləri Operatorudur (TSO) və suveren ölkələr tərəfindən yox, təcrübəli enerji şirkətlərinə məxsus və idarə olunan birgə müəssisədir.
TAP əsas qaz nəqliyyat infrastrukturuna Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kimi, gələcəkdə potensial olaraq İon-Adriatik Boru Kəmərinin (IAP) də qoşulmasını təmin edir. Məsələn, 2022-ci ilin oktyabr ayında IGB-nin TAP ilə birləşməsi nəticəsində bir mənbədən asılı olan bazarlara əlavə mənbədən təbii qaz təchizatına başlanıldı.
- TAP konsorsiumunun bazar sınaqları ilə bağlı təkliflərinin ikinci mərhələsi üçün ilk nəticələr varmı? Nəticələrə əsaslanan qərarın nə vaxt həyata keçirilməsi planlaşdırılır?
- TAP-ın genişləndirilməsi imkanları açıq, şəffaf və ayrı-seçkiliyə yol verilmədən müntəzəm bazar sınaqları vasitəsilə bazara təqdim olunur. Bazar sınaqları əməliyyatları başladıqdan sonra bir ildən bir iki mərhələ üzrə həyata keçirilir. Birincisi qeyri-məcburi mərhələ, ikincisi isə məcburi mərhələdir. 2021-ci il bazar sınağının məcburi təklif mərhələsi 2023-cü il yanvarın 22-də başa çatdı. Nəticədə TAP-ın birinci səviyyəli tutumunun genişləndirilməsinə təkan verildi və 2026-cı ildən etibarən uzunmüddətli müqavilələr hesabına ildə əlavə təqribən 1,2 milyard kubmetr artım imkanı yaradıldı.
Bazar tələbatlarını ödəmək məqsədilə 2023-cü ilin ikinci yarısında növbəti məcburi mərhələnin başlanması planlaşdırılır. Eyni zamanda, tutumun bölüşdürülməsi mexanizminə uyğun olaraq, bu ilin iyulunda qeyri-məcburi mərhələ üzrə yeni bazar sınağına başlanacaq.
- TAP-ın hidrogen nəqli üçün imkanlarının genişləndirilməsi ilə bağlı planlar nədən ibarətdir? Daşınacaq hidrogenin miqdarı müəyyən edilibmi?
- Hazırda bütün sektor 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün əsas həllərdən biri olan hidrogenə diqqət yetirir. TAP bu fikri daha tez qəbul etdi. Bizim məqsədimiz hidrogenin nəqlinə imkan yaradacaq şəkildə genişlənməkdir və ilk olaraq hidrogenin təbii qazla qarışığın daşınması nəzərdə tutulub. H2 bazarının inkişafı və müvafiq tələbin artması ilə bərabər hidrogen konsentrasiyasının həm Avropa İttifaqı, həm də maksimum seqment səviyyəsində dəyişən normativ bazaya uyğun olaraq paralel şəkildə tədricən artırılması planlaşdırılır.
Hazırda TAP-ın təbii qaz və hidrogen qarışığının daşınmasını texniki cəhətdən nə dərəcədə qəbul edə biləcəyi qiymətləndirilir. 2021-ci ildə həyata keçirilən ilk araşdırma təsdiqlədi ki, TAP hidrogen qarışığını daşımaq potensialına malikdir. Bu il biz əsas məhsullarımızı beynəlxalq səviyyədə tanınmış laboratoriyada tam qiymətləndirmək üçün sınaqlar keçirəcəyik.
TAP öz səhmdarları, əsas təchizatçıları və sektor ilə sıx əməkdaşlıq edir. Çünki müvafiq bazar qaydalarına və tələblərinə uyğun olaraq avadanlıqların modernləşdirilməsinə investisiyalar və nəql olunacaq hidrogen qarışığında H2 tərkibinə görə tələblər zamanla artacaq.
- Kommersiya fəaliyyətinə başlayandan TAP ilə ölkələr üzrə nə qədər qaz nəql olunub?
- Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 24,75 milyard kubmetr qaz nəql edilib. Bunun təxminən 1,1 milyard kubmetri Bolqarıstana, 2,7 milyard kubmetrdən çox həcmi Yunanıstana, 20,7 milyard kubmetrdən çoxu isə İtaliyaya göndərilib.