Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağları idxalına çəkdiyi xərci 13 % azaldıb

Energetika
  • 19 avqust, 2024
  • 13:15
Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağları idxalına çəkdiyi xərci 13 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 198,5 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 13 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1 milyard 60 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 11 % çoxdur.

Bu ilin ilk 7 ayında Gürcüstan Rusiyadan 473 milyon ABŞ dolları, Bolqarıstandan 92 milyon ABŞ dolları, Rumıniyadan 78 milyon ABŞ dolları, Yunanıstandan 43 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.