“Dayazsulu Abşeron”da üçüncü quyunun qazılması planlaşdırılır
- 10 fevral, 2022
- 11:05
Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində üçüncü quyunun qazılması işlərinin başlanması bu ilə planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci il üzrə yaydığı hesabatda qeyd edilib.
"İlk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin dekabr ayında tamamlanıb. Quyu ilkin layihə və plana uyğun olaraq bağlanıb", - məlumatda deyilir.
Bildirilir ki, layihə çərçivəsində ikinci kəşfiyyat quyusunun qazma əməliyyatları 11 dekabr tarixində Bibiheybət perspektiv sahəsində başlanıb: “Bu quyuda qazma işləri artıq 2 470 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir”.
Qeyd edək ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.
Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir. Burada qazma işlərinin “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusu vasitəsilə aparılması planlaşdırılır.