Bu il Azərbaycan polipropilen ixracını 18 %-dən çox azaldıb

Energetika
  • 18 oktyabr, 2022
  • 08:37
Bu il Azərbaycan polipropilen ixracını 18 %-dən çox azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 52 min 488,2 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 72 milyon 432,11 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 18,5 % və 16,4 % azdır.

Bu ilin yanvar-sentyabr ayları ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,42 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,25 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan polipropilen zavodunda istehsal edilir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.