Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” beynəlxalq konfransı keçiriləcək

Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” beynəlxalq konfransı keçiriləcək Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 59 nəfər mütəxəssis və ekspertlər Azərbaycana gələcəklər
Energetika
21 Aprel , 2016 10:42
Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” beynəlxalq konfransı keçiriləcək

Bakı. 21 aprel. REPORT.AZ/ Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” beynəlxalq paktiki konfransı keçiriləcək.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, konfrans aprelin 25-28-də olacaq.

Beynəlxalq konfrans ilk növbədə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının banisi, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə yüksək qiyməti, bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsini özündə əks etdirir. Konfransın keçirilməsində məqsəd neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etməkdir.

Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 59 nəfər mütəxəssis və ekspertlər Bakıya gələcəklər. Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı konfransa qatılacaq.

Aprelin 25-də keçiriləcək plenar iclasda dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edəcək.

Konfrans öz işini 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam etdirəcək. “Azərbaycanın neft və kimya sənaye sahələrinin inkişafının müasir tendensiyaları”, “Neft-qaz bazarının və Mərkəzi Asiya və Xəzəryanı bazarın makroiqtisadi icmalı”, “Enerji daşıyıcılarla təminat üçün logistika koridorlarının vəziyyətinin və inkişaf perspektivlərinin qiymətləndirilməsi”, “Regionun qaz bazarı”, “Xəzəryanı regionu ölkələrinin neft-qaz sahələrinin icmalı: hasilat, neft emalı, istehlak, idxal, ixrac”, “Regionda neft və neft məhsulları ticarətinin praktiki aspektləri”, “Azərbaycanın neft emalı və neft-kimya sənayesinin inkişafı”, “Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin neft emalı və neft-kimya sahələrinin inkişafı”, “Ən yeni texnologiyalar və istehsalın səmərəsinin artırılması” mövzuları üzrə sessiyalarda müxtəlif məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Beynəlxalq konfransın sessiyalarında dünya bazarında ticarət, logistika üzrə Xəzəryanı və Mərkəzi Asiya regionunda neft-qaz, neft məhsulları və neft-kimya sənayesi məhsulları bazarlarının rolu, region daxilində neft, qaz, neft məhsulları və neft-kimya sənayesi məhsullarının axınlarının icmalı, bu axınları təmin edən əsas dəniz, boru və dəmiryolu logistikası ixrac istiqamətlərinin icmalı məsələləri, neft emalı sənayesi üzrə region ölkələrində neft emalı sənayesinin vəziyətinin texnoloji və kommersiya analizi, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İranın neft emalı istehsalat sahələrinin inkişafının xüsusiyyətlərinin analizi, Tacikistanda və Əfqanıstanda neft emalının istehsal bazasının yaradılmasının işiqlandırılması, neft emalında yeni texnoloji həllərin icmalı, neft-kimya sənayesi üzrə regionda neft-kimya müəssisələrinin texnoloji vəziyyətinin icmalı, neft-kimya sənayesi məhsullarına tələb və təkliflərin və bu sahənin ixrac potensialının analizi, SOCAR-ın mürəkkəb neft-kimya istehsalat sahələrinin inkişafı sahəsində təcrübəsinin təqdimatı məsələləri müzakirə olunacaq.

Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək. 

Son xəbərlər

Orphus sistemi