Yuxarı

Bakı Neft Emalı Zavodunun yenidənqurma layihəsinin hazırkı dəyəri açıqlanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernizasiya və yenidənqurma layihəsinin dəyəri, təxminən, 2,2 mlrd. ABŞ dolları təşkil edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

O qeyd edib ki, layihə tam olaraq hökumət tərəfindən Azərbaycan Dövlət Neft Fondu vasitəsilə maliyyələşdirilir.

SOCAR rəsmisi layihənin dəyərinin dəyişə biləcəyini istisna etməyib. 

"Rekonstruksiya olunan qurğular (Paket B) üçün imzalanan müqavilələrdə qiymətlər dəyişə bilər. Bu isə qurğuların köhnə olması, istismara verilmə illərinin fərqli olması və onların çoxunun uzun illərdir istismarda olmasına görə podratçıların təyin olunmuş qiymətlə müqavilə imzalamaması ilə bağlıdır. Buna görə də layihə dəyəri ilə bağlı dəqiq rəqəmi demək olmur. Biz çalışırıq ki, qənaət edərək xərcləri azaldaq. Bu səbəbdən layihənin qeyd olunan dəyəri (2,2 mlrd. dollar) azala və arta bilər", - deyə T.Əliyev əlavə edib.

Qeyd edək ki, ötən il dekabrın 19-da Heydər Əliyev adına NEZ və “Tecnicas Reunidas” şirkəti arasında zavodun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə, Satınalma, Tikinti) müqaviləsi imzalanıb.

"Tecnicas Reunidas" şirkəti ilə imzalanan müqaviləyə görə, əvəzi ödənilmə əsaslı EPCm müqaviləsi sanit məbləğli EPC müqaviləsinə konversiya edilməlidir. Müqavilə neftin ilkin emalı, katalitik krekinq qurğularının və ümumzavod təsərrüfatının rekonstruksiyasını əhatə edir. İşlər 2021-ci ilin əvvəlinə kimi yekunlaşmalıdır. 

NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:

I mərhələ üzrə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi