Azərbaycanda ilk enerji saxlanc sistemi 2027-ci ildə şəbəkəyə inteqrasiya ediləcək
- 25 sentyabr, 2025
- 16:09
Azərbaycanda 250 meqavat gücündə enerji saxlanc sisteminin yaradılması istiqamətində iş aparılır, bu sistem 2027-ci ildə şəbəkəyə inteqrasiya ediləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə strukturu - "SOCAR Green" MMC-nin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə çıxışı zamanı bildirib.
O xatırladıb ki, Azərbaycan 2027-ci ilə qədər əsasən günəş və külək enerjisi sahələrində iki GVt-a qədər generasiya gücünü istismara verməyi planlaşdırır.
"Bərpa olunan enerji mənbələrinin inkişafının birinci mərhələsini pilot mərhələ adlandırardım, çünki texnologiyalar Azərbaycan üçün yeni idi. İndi Azərbaycan ikinci - daha yetkin mərhələyə keçid edir ki, bu da bərpa olunan enerji mənbələri layihələrinin tərtibatçıları tərəfindən gücləndirilmiş nəzarəti nəzərdə tutur. Belə həllərdən biri batareya saxlanc sistemləri olacaq", - Tarqulayev bildirib.
O əlavə edib ki, birinci mərhələdə "dövlət bütün bərpa olunan enerji mənbələri layihələrinin balanslaşdırılmasına görə məsuliyyəti öz üzərinə götürüb, buna görə də Azərbaycanda 250 MVt gücündə enerji saxlanc sistemi yaradılır, bu sistem 2027-ci ildə şəbəkəyə inteqrasiya olunacaq".
"İkinci mərhələdən başlayaraq enerji saxlanc sistemlərinin tətbiqi artıq investorlara həvalə edilir, çünki dəyişkən mənbələr - günəş və külək qeyri-sabitdir və şəbəkənin dayanıqlığına təsir edir. İkinci mərhələ (2030-2032-ci illərə qədər) əsasən texnologiyaların yetkinliyinə: bərpa olunan enerji mənbələrinin enerji saxlanc sistemləri ilə birlikdə enerji sisteminə inteqrasiyasına və qismən elektrik enerjisinin qonşu ölkələrə ixracına həsr olunub. 2032-ci ildən sonra artıq uzunmüddətli mərhələdən - enerji ixracatçısı mərhələsindən danışmaq mümkün olacaq. Bu, Azərbaycanın əvvəllər neft və qaz ixracatçısı olduğu kimi, "yaşıl enerji" ixracatçısına çevrilməklə bağlı son hədəfidir", - Tarqulayev əlavə edib.
Onun sözlərinə görə, bu mərhələdə layihələr meqavatt miqyasında deyil, giqavatt miqyasında həyata keçiriləcək.
"Məndə olan məlumata görə, Energetika Nazirliyi artıq 2040-cı ilədək 4 giqavata qədər bərpa olunan enerjinin mərhələli şəkildə ixracı üçün həyata keçirmə, mənbələrin bölüşdürülməsi strukturunun yaradılması və plan-qrafik üzərində məsləhətçilərlə işləyir. Bu qədər "yaşıl enerji" son dərəcə diqqətli planlaşdırma tələb edəcək, çünki bərpa olunan enerji mənbələri qeyri-sabitdir və inteqrasiyanın rahat keçməsi və layihənin uğurlu olması üçün düşünülmüş tətbiq qrafiki tələb edir", - mütəxəssis bildirib.