Azərbaycanda 8 ayda neft hasilatının həcmi açıqlanıb

Azərbaycanda 8 ayda neft hasilatının həcmi açıqlanıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika
10 Sentyabr , 2024 13:46
Azərbaycanda 8 ayda neft hasilatının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon ton və ya 4,9 % azdır.

Bu il respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, bir il öncəki göstərici ilə müqayisədə AÇG üzrə neft hasilatı 1 milyon ton və ya 8,3 % azdır.

“Şahdəniz” yatağından 2,8 milyon ton kondensat hasil edilib. Bu isə 2023-cü ilin 8 ayının hasilat göstəricisi ilə müqayisədə 0,1 milyon və ya 3,5 % azdır. Həmçinin, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 0,2 milyon ton və ya 3,8 % azdır.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. Hazırda Abu Dabi Milli Neft Şirkəti (ADNOC) "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payına sahibdir, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Son xəbərlər

Orphus sistemi