Bu ilin oktyabr ayında Azərbaycan 6,9 milyon ABŞ dolları dəyərində metanol ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 0,7 milyon ABŞ dolları və yaxud 11,3 % çoxdur.
2020-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan 42,3 milyon ABŞ dolları dəyərində metanol ixrac olunub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 17,5 milyon ABŞ dollar və yaxud 29,3 % azdır.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.