Anar Əzimov: “Aqrar sektor bacarıqlı və problemləri həll edən mütəxəssislər yetişdirməlidir”

Anar Əzimov: “Aqrar sektor bacarıqlı və problemləri həll edən mütəxəssislər yetişdirməlidir” Azərbaycanda aqrar sektor üçün texniki bacarıqları yüksək olan, problemləri həll edən mütəxəssislər yetişdirilməlidir
Energetika
4 iyun 2025 12:39
Anar Əzimov: “Aqrar sektor bacarıqlı və problemləri həll edən mütəxəssislər yetişdirməlidir”
Anar Əzimov

Azərbaycanda aqrar sektor üçün texniki bacarıqları yüksək olan, problemləri həll edən mütəxəssislər yetişdirilməlidir.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov Bakıda “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, ali təhsil müəssisələri yalnız tədrisin aparıldığı yer deyil, həm də gələcək peşəkarların inkişaf etdiyi və potensiallarının üzə çıxdığı bir mərkəzə çevrilməlidir: “Qida təhlükəsizliyi çoxşaxəli bir sahədir və biz bu sahə üçün müxtəlif ixtisasları əhatə edən biliklərə malik mütəxəssislər hazırlamalıyıq".

A. Əzimov deyib ki, təhlükəli qidalar bir sıra xəstəliklərə səbəb olur və bu, yalnız ictimai sağlamlığa deyil, eyni zamanda ticarətə də mənfi təsir göstərir: “İstehlakçıların inamının itməsi sonda iqtisadi tənəzzülə gətirib çıxara bilər. Qida təhlükəsizliyi sahəsi ölkənin ümumi rifahına və inkişafına birbaşa təsir edir. Bu kontekstdə ali təhsil müəssisələrinin rolu da ön plana çıxmalıdır".

Konfrans Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlarla yanaşı, elm və təhsil ocaqlarının rəsmi şəxsləri, mütəxəssislər, ekspertlər təmsil olunublar.

Ümumdünya Qida Təhlükəsizliyi Günü BMT-nin 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, həmçinin dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşməsi və qida ilə əlaqədar risklərin insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərməsi nəzərə alınaraq təsis edilib. Bu günün təsis olunmasında əsas məqsəd isə qida ilə əlaqəli risklərin aşkarlanmasına, qarşısının vaxtında alınmasına və düzgün idarə edilməsinə diqqət çəkməklə, ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdən ibarətdir.

Orphus sistemi