Bakı Gəmiqayırma Zavoduna Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək yeni nəsil külək elektrik stansiyasında quraşdırılacaq turbinlərin pərlərini gətirilib.
“Report”un əldə etdiyi məlumata görə, artıq bu pərlər zavodun müvəqqəti anbar ərazisinə boşaldılıb, sabah isə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına (KES) quraşdırılması üçün daşınacaq.
Xatırladaq ki, avqust ayının sonunda “ACWA Power”in Azərbaycana inşa olunacaq yeni nəsil külək turbinləri gətirilmişdi.
Qeyd edək ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvarın 13-də baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.
Külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi planlaşdırılır.