Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda həyata keçirməyi planlaşdırdığı bir sıra layihələri var.
“Report” xəbər verir ki, bu barədə şirkətin Azərbaycan və Türkiyə üzrə regional direktoru Mehmet Selim Güven jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Xızı-Abşeron” külək elektrik stansiyası (KES) şirkətin Azərbaycanda həyata keçirdiyi ilk layihədir: “Hazırda Azərbaycanda həyata keçirə biləcəyimiz bir çox layihə ilə maraqlanırıq. Bunlara enerji saxlama layihəsi və Xəzər dənizindəki “offshore” layihələri də daxildir”.
O əlavə edib ki, həmçinin dəniz suyunun duzsuzlaşdırılması və bir neçə günəş elektrik stansiyası layihələri də şirkətin maraq dairəsindədir: “Bu layihələrin hər biri, eləcə də bərpaolunan enerji sahəsindəki bütün layihələr bizim üçün önəmlidir”.
Mehmet Selim Güven həmçinin qeyd edib ki, Xəzər dənizinin böyük külək enerjisi potensialı var: “Təbii ki, bu layihələr asan deyil. Biz bütün layihələri izləyirik və belə layihələrdə iştirak etmək istəyirik. Bu mövzularda Azərbaycan hökuməti ilə müzakirələr aparırıq”.