AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi 25 % artıb
- 07 avqust, 2025
- 13:31
Bu ilin yanvar-iyun aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr səmt qazı təhvil verilib.
Bu barədə “Report” blokun operatoru olan “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin I yarısının yekunları üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir. Ümumilikdə, hesabat dövründə SOCAR-a 1,5 milyard kubmetr səmt qazı verilib.
SOCAR-a verilən səmt qazının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyard kubmetr və ya 25 % çox olub.
Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.
2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.