Bakı. 4 oktyabr. REPORT.AZ/ Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) bir həftəlik “açıq qapı” günü elan edib.
Rəsədxanadan "Report"a verilən məlumata görə, oktyabr ayının 4-10-da rəsədxanaya giriş pulsuz olacaq.
Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir. Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə boyunca ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir. Bu tədbirlərə Şamaxı Astrofizika Rəsədxanasında və Tusi-Bohm Planetariumda açıq qapı günləri, film təqdimarları, tanınmış astronomlarla görüşlər və s. daxildir.
Xatırladaq ki, 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin (“Sputnik-1”) orbitə çıxarılması, habelə dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar olaraq, BMT Baş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqqında qərar qəbul edib.