Kainatın Böyük Partlayış nəticəsində yaranması nəzəriyyəsinin banilərindən biri olan Pol Steynhardt indi özü həmin nəzəriyyəni tənqid etməyə başlayıb. O, Böyük Partlayışın zamanın başlanğıcı deyil, Kainatın daralma və genişlənməsinin təkrarlanan dövri proseslərindən biri olduğuna dair alternativ model təklif edir.
“Report” xəbər verir ki, bunu ABŞ-ın “Quanta” elmi dərgisi yazıb.
Məqalədə qeyd olunub ki, Kainatın törənməsi haqqında ümumqəbul edilmiş nəzəriyyə belə səslənir: təxminən 14 milyard il öncə heç nədən materiallaşan nəhəng bir enerji kütləsi bir anda Kainatı şar kimi şişirdib. Sürətli genişlənmə nəticəsində əyrilik hamarlanıb, materiya isə qarışıb və Kainat indiki – düz və hamar şəklini alıb. Hissəciklər yığıntıları qalaktika və ulduzları meydana gətirib, lakin, bununla belə, bunların hamısı böyük ölçüdə homogen olan kosmosda xırda ləkələrdir.
Dərsliklərdə adətən Kainatın inflyasiya modeli adlandırılan bu nəzəriyyə indiyədək edilən bütün müşahidələrə uyğundur və əksər kosmoloqların etibarını qazanıb. Lakin, görünür, hamısının deyil.
Belə ki, Pol Steynhardt və həmkarları bir-birinin ardınca genişlənmə və daralma mərhələlərindən keçdiyi dövri modelə əsaslanaraq Kainatımızın ortaya çıxması üçün başqa bir ssenari hazırlamağa başlayıb.
Onların məqsədi düz və homogen Kainatımızın partlayışsız da yarana biləcəyini sübut etməkdir.
Bu məqsədə çatmaq üçün P.Steynhardt və həmkarları kompüter modelləşdirən alimləri bir araya gəliblər. Onlar Kainatın kollapsı zamanı onun quruluşunun necə dəyişdiyini incələyiblər və daralma modelinin genişlənmə modelindən daha yaxşı işlədiyini tapıblar: daralmadan öncə Kainat hər necə görünürdüsə, kollaps öncəki bütün qabarıqları hamarlayıb.
Üfüqün daralması
P.Steynhardt, Maks Plank Cəmiyyətinin Qravitasiya Fizikası İnstitutundan Anna İyas və digər alimlərin son araşdırmaları Kainatın yeni dövri modeli haqqında olub. Həmin ekpirotik modelə əsasən, Kainat kollapssız yenilənir.
Kainatın ölçüsünün dəyişməsindən bəhs edərkən, bir qayda olaraq, yalnız miqyas faktorunun parametri qeyd olunur, ikinci parametr olan Habbl radiusunu (Kainatdakı obyektləri görə biləcəyimiz maksimum məsafə) isə gözardı edilir. Nisbilik nəzəriyyəsi bu iki parametrin bir-birindən asılı olmayaraq dəyişməsinə imkan verir və ən əsası, hər ikisindəki dəyişiklik düz bir Kainata gətirib çıxarır.
Hava şarında oturduğunuzu düşünün. İnflyasiya Kainatı şişirdilən bir şardır. İçəridə genişlənmə nəticəsində məkan hamarlanır və düzlənir. Dövri Kainatda isə hamarlanma daralma dövründə baş verir. Bu mərhələdə şar əhəmiyyətsiz dərəcədə boşalır və görünüş sahəsi xeyli azalır. Sanki getdikcə daha da qüvvətlənən bir lupadan baxırsınız. Habbl radiusu azalır, buna görə ətraf məkan getdikcə daha monoton olur.
P.Steynhardt və həmkarlarına görə, Kainat trilyon ildir ki bu gün qaranlıq enerji dediyimiz bir nüfuzedici sahənin təsiri altında genişlənir. Bu enerji sahəsi seyrəkləndikdə məkan tədricən daralmağa başlayır. Milyardlarla il ərzində miqyas amili azalır: hissəciklər bir-birinə yaxınlaşır, Habbl radiusu isə daralır. Kainatın sıxılması sonradan kosmik məkanı isidən və onu atomlara buxarlayan enerji sahəsini yenidən yükləyir. Beləliklə, sıçrayış baş verir və yeni dövr başlayır.
Sıçrayış modelində Habblın mikroskopik radiusu Kainatın hamarlıq və düzlüyünü təmin edir. Belə ki, inflyasiya yeni multikainatı yaradan çoxsaylı qabarıqları ortaya çıxarır. Halbuki yavaş sıxılma onları aradan qaldırır.
Nəticədə nə başlanğıcı, nə sonu olan Kainat əldə edirik. Burada nə sinqulyarlıq, nə də multikainatlar var.
İstənilən kainatdan öz Kainatımıza doğru
Həm inflyasiya, həm də sıçrayış modellərində ən çətin hissələrdən biri enerji sahələrinin Kainat üçün düzgün bir quruluş yarada biləcəyini sübut etməkdir.
A.İyas və P.Steynhardt inflyasiya modelini yalnız müəyyən şərtlər altında işlədiyinə görə tənqid edirlər. Onlar kağızda hesablana biləcək bütün ssenariləri diqqətlə incələyiblər.
Bu yaxınlarda araşdırmaçılar kompüter simulyasiyalarını istifadə edərək öz daralma modelini başqa heç bir üsulla sınana bilməyən kiçik kainatlar qrupu ilə stress testdən keçiriblər.
Alimlər öz məqsədlərini ABŞ-ın Prinston Universitetinin nəzəriyyəçi fiziki Frans Pretoriusun ortaya çıxardığı koda uyğunlaşdıraraq əyri və qabarıq sahələri; yanlış istiqamətdə hərəkət edən sahələri; hətta hissələri bir-birinə əks istiqamətdə hərəkət edən sahələri araşdırıblar.
Demək olar ki, bütün hallarda daralma nəticəsində bizimkitək darıxdırıcı Kainat yaranıb.
Eynşteynin tənliklərinin ədədi həlli ilə məşğul olan Böyük Britaniyanın Oksford Universitetinin kosmoloqu Keti Klaf yeni simulyasiyaları “dolğun” adlandırıb. Ancaq qeyd edir ki, bu cür analiz yalnız son vaxtlar alınıb. Bu səbəbdən inflyasiya modelinin həyata keçirə biləcəyi şərtlərin geniş bucağı hələ də araşdırılmayıb.
İyas və Steynhardtın modelinə münasibət hələ də birmənalı deyil. Kosmoloqların əksəriyyəti inflyasiya modelini yenə də təkzibolunmaz sanırlar.
“Hazırda yavaş daralma modeli inflyasiya modelinə rəqib ola bilməz”, - Nyu-York Universitetinin kosmoloqu Qriqori Qabadadze bildirib.
Steynhardtın komandası gələcəkdə sıçrayışın özünü simulyasiya etməyi planlaşdırır. İyasın artıq bir sıçrayış modeli hazırdır, tezliklə kompüter simulyasiyasında sınaqdan keçirməyi planlaşdırır. Komanda üzvləri daralma və genişlənmə mərhələlərini birləşdirərək “sıçrayan” Kainatın unikal xüsusiyyətlərini təyin edə biləcəklərini ümid edirlər. Bu da astronomların müşahidələri ilə təsdiqlənə bilər.
Komanda hələ də nəinki dövri Kainatın bütün təfərrüatlarını partlayış və daralmasız təsvir edə bilə, heç orada yaşadığımızı da sübut edə bilməyib.
Ancaq P.Steynhardt onun modelinin tezliklə multikainatın işə yarayan alternativi olmasına əmindir.
“Ən çox çəkindiyim əngəllər artıq arxada qalıb”, - o vurğulayıb.