Peşə təhsili pilləsi üzrə müraciət edənlərin yekun sayı açıqlanıb.
Bu barədə “Report”a Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
2020-2021-ci tədris ili üzrə tələbə qəbulu prosesində 13 946 şəxs elektron qaydada qeydiyyatdan keçərək hesab açıb.
Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11 743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27% artım müşahidə olunub.
Məlumat üçün bildirək ki, peşə təhsili pilləsi üzrə müraciətlər https://qebul.vet.edu.az/ platforması vasitəsilə, 10-24 avqust tarixlərində, iki mərhələdə aparılıb. I mərhələ çərçivəsində dövlət vəsaiti hesabına maliyyələşən qruplar üzrə 73%, ödənişli əsaslarla maliyyələşən qruplar üzrə isə 27% uğurlu müraciət daxil olub.
Qeyd edək ki, peşə təhsili pilləsinə qəbulun I mərhələsi çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinə sosial media platformaları və yaradılmış qaynar xətt üzərindən 3 000-dək müraciət elan olunub. 2020-2021-ci tədris ili üzrə peşə təhsili almaqda maraqlı olanların sayında artım xüsusilə ikili proqramlar çərçivəsində tətbiq olunan ixtisaslarda aydın sezilir. Peşə təhsilinin təşviqi məqsədilə gənclərin aktiv olduğu sosial media platformalarından geniş istifadə edilib, “Virtual məktəb” layihəsi çərçivəsində qeydiyyatdan keçən məktəblilər məlumatlandırılıb, Rayon təhsil şöbələri ilə sıx əməkdaşlıq aparılıb. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Müsabiqənin nəticələrinin bu gün elan olunması nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə məlumat sms vasitəsilə təqdim edilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yer alacaq.